16 İyul 09:29
1 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabra qədər Azərbaycanla Ermənistan arasında sülh razılaşması olmasa, yenidən gərginliyin, hətta müharibə riskinin yaranacağı ehtimalları səslənir. Reallıq odur ki, noyabra qədər iki ölkə arasında sülhün əldə olunması birmənalı deyil. Azərbaycan Prezidentinin irəli sürdüyü prinsipial mövqe ortadadır. Ermənistanla Azərbaycan arasında daimi sülhün və əməkdaşlığın təmin olunmasının yeganə yolu bu ölkənin konstitusiyasında və normativ hüquqi sənədlərində ediləcək dəyişikliklərdən asılıdır.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

O qeyd edib ki, Ermənistan bu addımı atmaqla Azərbaycana qarşı ərazi iddialarından rəsmi olaraq imtina etməlidir:

“Bu olmadan sülh sazişi imzalanmayacaq. Bu birmənalıdır. Ermənistan isə buna getmək istəmir. Hətta qarşı tərəf buna doğru hər hansı təşəbbüs belə göstərmir. Konstitusiya dəyişikliyi referendumla həyata keçirilməlidir. Bunun üçün aylarla vaxt lazımdır. Çox güman ki, Ermənistan konstitusiyasına ediləcək dəyişikliklər tək bu şərtlərlə olmayacaq. Bu, geniş müzakirələrdən keçərək referenduma təqdim edilməlidir. Noyabr-dekabra qədər erməni tərəfinin bunu çatdırması qeyri-mümkündür. Ona görə də, bu, kifayət qədər mübahisəli məsələdir”.

Fəzail Ağamalı çıxış yolu kimi Azərbaycanla Ermənistan arasında çərçivə sülh sazişinin imzalanması ehtimalını gündəmə gətirib:

“Bunun üçün kifayət qədər əsaslar var. Beynəlxalq təşkilatların, regionda marağı olan dövlətlərin davranışlarından da görünür ki, tərəflər arasında çərçivə sazişinin imzalanmasına etiraz yoxdur. Azərbaycanın mövqeyi ortadadır. Ermənistan də nəhayət konkret iradə sərgiləməlidir”.

Millət vəkilinə görə, iki tərəf arasında çərçivə razılaşması əldə edilməsə belə yenidən genişmiqyaslı müharibənin olması ehtimalı azdır:

“Azərbaycanın belə bir gündəmi yoxdur. Ermənistan isə yenidən müharibəyə başlayacaqsa, bu onun məhvi ilə başa çatacaq. Beynəlxalq münasibətlərdə də İrəvan ciddi qınaqla üzləşəcək. Ümidlər isə odur ki, noyabra qədər tərəflər arasında çərçivə sülh sazişi imzalanacaq, bu da yekun sülh sazişi üçün əsas yaradacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər