Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Rusiya Zəngəzur dəhlizi məsələsini yenidən gündəmə gətirib, xarici işlər naziri Sergey Lavrov və sözçüsü Mariya Zaxarova Ermənistanı bununla bağlı anlaşmaları pozmaqda ittiham etdi. Moskva niyə təzədən bu mövzuya qayıtdı?
- Rusiya görür ki, İran tərəfində işlər müəyyən qədər fəallaşıb. Zəngəzur dəhlizinin İrandan keçməsi Rusiyanın maraqlarını bir qədər kənarda qoyur. Moskva buna görə istəyərdi ki, Zəngəzur dəhlizi Ermənistandan keçsin, Rusiya Dəmir Yolları Şirkəti bu xəttin iqtisadi operatorlarından biri olsun. Amma Ermənistan üçtərəfli sazişin şərtləri ilə razı deyil. Yeri gəlmişkən, Azərbaycanın da bununla bağlı Ermənistana iradları var. Azərbaycan və Rusiyanın burada mövqeləri üst-üstə düşür.
Ümumiyyətlə, indi nəqliyyat dəhlizləri ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Rusiya da bu baxımdan Şimal-Cənub nəqliyyat dəhlizini aktivləşdirmək istəyir. Şimal-Cənub yolunun Azərbaycandan keçən hissəsinin iki qolu var. Biri İrana uzanır, digəri də Zəngəzur üzərindən Türkiyəyə gedən xətdir. İkinci xətdə Rusiyanın xüsusi marağı var. Həm İranla bağlı hissədə müəyyən ləngimə mövcuddur, həm də Ermənistan tərəfində iş getmir.
Bir məqam da var ki, Ermənistan kommunikasiyaların açılması məsələsində Qərbin diktəsi ilə oturub-durur. Qərb Ermənistana təlimatını verir, o da Rusiyanı oyundan kənarda saxlamağa çalışır. Bu da Rusiyanı narahat etməyə bilməz.
- Rusiya mesajını verdi, bəs Ermənistanı əvvəlki razılaşmalara qaytarmaq imkanları nə qədərdir?
- Rusiyanın bu məsələlərdə imkanları o qədər də geniş deyil. Görünür, sözlə olan təzyiqlər bir fayda vermir, digər vasitələrlə də təzyiq edə bilmirlər. Çünki bu, əks proseslərə gətirib çıxara bilər. Görünən budur ki, hələlik Rusiya cəsarətli addımlar atmaqda acizdir və durum olduğu kimi qalır.
- Ermənistanın silahlandırılması yeni vüsət alıb. Hindistan və Fransadan sonra ABŞ və Almaniyanın da prosesə qoşulduğu bildirilir. Bu silahlandırma nə ilə bağlıdır, nəyə hazırlıqdır?
- Bu məsələ də Rusiyanı narahat etməyə bilməz. Bu, Ermənistanın Qərb ölkələrinin plasdarmına çevrilməsi deməkdir. Proseslər göstərir ki, Ermənistan Qərbin yeni geosiyasi layihələrinin tərkib hissəsinə çevrilir. Bu da ona gətirib çıxara bilər ki, Qərb-Rusiya qarşıdurması Cənubi Qafqazda da açıq vüsət alacaq. Təəssüf ki, bu durumda yeni münaqişə qaçılmaz olacaq.
Azərbaycanı narahat edən bir məsələ də budur ki, belə bir münaqişə alovlanarsa, onun da maraqları zərbə altında qala bilər.
İranın da hərəkətləri başadüşülən deyil. Əslində, İran Qərb ölkələrinin dəyirmanına su tökür. Bunun İranın strateji maraqlarına nə qədər cavab verib-vermədiyi də bir sualdır.
- İrandan söz düşmüşkən, Tehran ilk dəfə ABŞ-ın Ermənistanda yerləşməsinə "etiraz" elədi. Amma digər yandan, İranın Qərbdən Ermənistana verilən silahların çatdırılmasında tranzit rolu oynadığı deyilir. Həm "etiraz" edir, həm də kömək: bu ziddiyyət nədən qaynaqlanır?
- İran Qərblə ticarət aparır. Belə demək olarsa, maraqlar ticarəti gedir. Qərbə rəvac yaradılır ki, Ermənistan plasdarma çevrilsin. Maraqlıdır ki, bunu İran vasitəsilə edirlər. Qərbi başa salırlar ki, mən olmasam, sənin maraqların Ermənistanda kifayət qədər təmin olunmayacaq. Buna görə də, İranın Qərbdən müəyyən istəkləri var, bu da əsasən Yaxın Şərqdəki proseslərlə bağlıdır. Siyasi alver də bundan ibarətdir: siz Yaxın Şərqdə bizə təzyiqi azaldırsınız, biz də Ermənistandakı addımlarınıza göz yumacağıq.
Tehran həm də onu anlayır ki, Qərb ölkələri silahları İran üzərindən Ermənistana daşısalar, bu məsələdə ondan asılı vəziyyətdə olacaqlar. Bu nöqtədə İran-Rusiya ziddiyyəti ortaya çıxır. Çoxu bunu hiss eləmir, amma Rusiya və İran Cənubi Qafqazda rəqibdir. Özü də çox ciddi rəqib... Baxmayaraq ki, ikitərəfli münasibətlərin üzdə görünən hissəsində mənzərə başqadır, amma reallıq tam fərqlidir.
- Vaşinqton-İrəvan gündəmində yeni mövzu var: Ermənistanı ABŞ-ın mülki nüvə texnologiyaları ilə təmin etmək. ABŞ Dövlət Departamentinin açıqlamasına görə, artıq İrəvan bununla bağlı Vaşinqtona müraciət edib. Ermənistanın bu texnologiyaları yeni AES-in inşası üçün istədiyi iddia olunur. Əməkdaşlıqda bu yeni istiqamət nəylə bağlıdır, məqsəd həqiqətən də yeni AES-in tikintisidirmi?
- Yenə söhbət Rusiyanı Ermənistanda sıxışdırmaq və oyundankənar vəziyyətdə qoymaqdan gedir. Ermənistanın elektrik enerjisinə olan ehtiyacının 30-33 faizi AES-in payına düşür. Burada da “Rosatom” əsas rolu oynayır. Yəni Ermənistanın bu baxımdan əsas təchizatçısı Rusiya şirkətidir. İrəvan “Rosatom”dan asılılığı azaltmaq, Ermənistanın “enerji təhlükəsizliyi”ni başqa yollarla təmin etmək istəyir. Çünki Ermənistan həm də qaz tədarükündə Rusiyadan asılıdır.
Əlbəttə, Ermənistan ABŞ-dan almaq istədiyi texnologiyalarla nüvə silahı əldə etməyəcək, bu, cəfəngiyatdır. ABŞ Ermənistanın yeni AES proqramında da önəmli rol oynamaq istəyir, məqsəd Rusiyanı bu yöndə də kənarda qoymaqdır.