19 İyul 18:05
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəsmi İrəvanın necə əsaslandırmasından asılı olmayaraq Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi bu ölkənin dialoq və sülh prosesindən geri çəkilməsi kimi qiymətləndirilməlidir. Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniyanın iki ölkənin liderləri arasında görüşün keçirilməsi təklifi ilə çıxış etməsi təbii idi. Qaydaya uyğun olaraq görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı ilə, sonra isə Azərbaycan və Ermənistan liderləri təkbətək görüşməli idilər. Amma Paşinyan görüşdən qaçdı. Gülməli də görünsə, İrəvanda hesab edirlər ki, Böyük Britaniya həm 44 günlük Vətən müharibəsi dönəmində, həm də sonrakı müddətdə Azərbaycana dəstək verib və bu ölkə vasitəçilik təşəbbüsü ilə çıxış edə bilməz”.

Bunu Teleqraf.com-açıqlamasında politoloq Ramiz Alıyev Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda Azərbaycan Prezidenti ilə görüşdən imtinasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Paşinyanın hərəkətləri göstərir ki, Ermənistan sülh bəyanatları beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil: “Böyük Britaniya artıq həll edilmiş Qarabağ münaqişəsi məsələsində daim öz neytrallığını saxlayıb və problemin beynəlxalq hüquqa uyğun həllinin tərəfdarı olub. Britaniya həmçinin Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. 44 günlük Vətən müharibəsinin ilk günlərində BMT Təhlükəsizlik Şurasında Britaniya nümayəndəsi bəyan etdi ki, Azərbaycan öz ərazisində hərbi əməliyyatlar aparır və beynəlxalq hüququn heç bir tələbini pozmur. Londonun bu mövqeyi Ermənistanda dərin məyusluq yaratdı. Ona görə də Britaniyanın görüş təşəbbüsünə “yox” cavabı veriblər. Digər bir məqam Azərbaycanın vasitəçi kimi öz etibarını, neytrallığını çoxdan itirmiş Fransanın görüş təşəbbuslərini rədd etməsidir. 2023-cü ilin oktyabrında keçirilməsi nəzərdə tutulan Qranada görüşü zamanı Azərbaycan Almaniya və Fransanın iştirakı ilə baş tutacaq danışıqlarda Türkiyənin də qatılmasını istəmişdi. Ancaq ölkəmizin istəyi yerinə yetirilmədiyi üçün Bakı Qranada görüşündə iştirakdan imtina etmişdi. Yalnız bu ilin əvvəlində Münxendə Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan–Ermənistan liderlərinin görüşü oldu. Almaniya burada vasitəçi deyil, sadəcə təşəbbüsçü və təşkilatçı idi. Azərbaycan Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki çıxışında açıq şəkildə bəyan etdi ki, artıq vasitəçiyə ehtiyac yoxdur”.

R.Alıyev qeyd etdi ki, məğlub duruma düşən Ermənistanda əziklik sindromundan əziyyət çəkən siyasilər elə zənn edirlər ki, bütün dünya Azərbaycanın tərəfini tutur, erməniləri məhv etmək istəyirlər: “Bu sindromi erməni xəstəliyi də adlandırmaq olar. Onlar hər kəsdən yardım, qayğı umurlar. Ermənistanda hesab edirlər ki, Britaniyanın Azərbaycanla çox sıx əlaqəsi var və Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiq göstərir. Bu dəhlizin açılmasını təkcə Britaniya deyil, dünyanın bir çox dövlətləri dəstəkləyir. Dəhlizin açılmasına izacə verməməklə Ermənistan özünü daha bir meqa layihədən kənarda saxlayır”.

Sonra politoloq qeyd etdi ki, Paşinyanın görüşdən imtina etməsindən asılı olmayaraq Azərbaycanın mövqeyi dəyişməzdir: “Biz sülhün tərəfdarıyıq. Rəsmi Bakı hesab edir ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitutsiyasında dəyişikliklər edilməlidir. Paşinyan isə Ermənistan cəmiyyətini dəyişikliklərə hazırlaya, Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmağa hazırlaya bilmir. Bu da onun xarici siyasətinə ciddi mənfi təsir göstərir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər