Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə səfəri bölgə və bölgədənkənar məsələlərlə bağlıdır. Xüsusilə də ikitərəfli münasibətlər və Güney Qafqazdakı durum ciddi şəkildə müzakirə edilib.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, bu müzakirələrin mərkəzi mövzusu Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması və Güney Qafqazdakı proseslər olub:
“Son bir neçə ayda Ermənistan ciddi şəkildə Fransa, Hindistan və ABŞ tərəfindən hərbi cəhətdən dəstəklənir və silah-sursatla təmin edilir. Bu da bölgədə gərginliyi artırmaq məqsədi güdür. Qərb bu gərginlik fonunda Rusiyanı bölgədən sıxışdırıb çıxararaq özü onun yerini tutmağa və buradakı maraqlarını həyata keçirməyə çalışır. Qərbin bölgədə mövcudluğunun möhkəmlənməsi bölgədə sülh üçün ciddi təhdid təşkil etməkdədir. Məhz Ermənistanın da intensiv şəkildə silahlandırılması və revanşa təşviq edilməsi bunun nəticəsidir. Heç təsadüfi deyil ki, Qərb tərəfindən hərbi təminat və dəstək alan Ermənistan sərhədlərdə vaxtaşırı təxribatları yaratmaqla gərginliyi artırmağa çalışır. Nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycan həm də müttəfiq dövlətlərdir. Hərbi təhdidlərə qarşı birgə çıxış etmək imkanları da var. Məhz bu baxımdan Ceyhun Bayramovun Türkiyə səfərini məhz regiondakı yaranmış gərgin durumla əlaqələndirə bilərik”.
Oqtay Qasımov bildirib ki, Paşinyanın səfirlərlə iki günlük görüşü və bölgədəki gərginliklərlə bağlı onlara xəbərdarlıq etməsi təbii olaraq təsadüfi sayıla bilməz:
“Məhz Ermənistan Qərbin dəstəyi ilə Rusiyanın bölgədən çıxarılmasına, o cümlədən sürətlə silahlanmaya rəvac verib. Ermənistan özünün qarşıdakı dönəmdə, xüsusilə də COP29-a qədər şərti sərhədlərdə hansısa təxribatlara cəhd edəcəyini istisna etmirəm. Məhz bunun fonunda gərginlik yarana bilər. Ermənistanın məqsədi sərhədlərdə gərginlik yaratmaqla iki məqsəd güdür. Birinci antiterror əməliyyatlarının bir illiyi ərəfəsində bu təxribatları törətməklə Azərbaycana qarşı əks təbliğat kampaniyasını aparmaqdır. İkinci COP29 ərəfəsində təxribatlara rəvac verməklə bu tədbirin əhəmiyyətini azaltmaq istəyirlər. Eyni zamanda Azərbaycana qarşı şantaj siyasətini davam etdirmək, təzyiqləri artırmaq və bunun fonunda müəyyən güzəştlərə sövq etmək niyyətləri durur. Təbii Azərbaycan Ermənistanın bu niyyətlərini çox yaxşı bilir. Buna qarşı da adekvat addımlar atacağı şübhəsizdir”.