23 Sentyabr 12:58
2 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfinin sərhədlərin dəyişdirilməsi, hansısa ərazinin Azərbaycanın nəzarətində qalması ilə bağlı iddiaları tamamilə əsassızdır. 30 illik işğal dövründə erməni tərəfi sərhəddin bütün istiqamətlərində pozuculuq edib, bir çox əraziləri özününküləşdirməyə çalışıb. Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya başa çatmadan Nikol Paşinyanın hansısa ərazi iddiasından danışması məntiqsizdir.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, Ermənistan işğalda saxladığı Azərbaycanın 4 anklav kəndinin təhvil verilməsi ilə bağlı addımlar atmalıdır:

“Qazaxın 3, Naxçıvanın Kərki kəndi hələ də ermənilərin nəzarətindədir. Ona görə də, Paşinyanın hansısa absurd açıqlaması daxili auditoriya üçün hesablanıb. Bir il öncə Azərbaycan dövlətinin özünün beynəlxalq birlik tərəfindən tanınan ərazisi daxilində keçirdiyi antiterror əməliyyatına Ermənistanda və ona havadarlıq edən ölkələrdə isə yanaşmalar fərqlidir”.

Polkovnik hesab edir ki, Ermənistan hələ də bir dövlət kimi öz sərhədlərini təsbit edə bilmir:

“İndiki halda Azərbaycanın iki dövlət arasında şərti sərhəddə mühüm strateji yüksəkliklərdə yerləşməsi qarşı tərəfi ciddi şəkildə narahat edir. Onlar buna öyrəşməyiblər. 30 illik işğal və digər amillər ermənilərin “düşüncəsində” başqa fərziyələr formalaşdırıb. Sadəcə olaraq Ermənistanın indi heç bir gücü yoxdur deyə ancaq təxribat xarakterli informasiyaları gündəmə daşımağa çalışır”.

Üzeyir Cəfərova görə, erməni tərəfinin kiçik bir tərpənişi onlar üçün böyük faciələrə səbəb ola bilər:

“Ermənistana Fransadan, Cənubi Koreyadan, ABŞ-dan, Hindistandan verilən silahlar heç nəyi dəyişə bilməz. Futbol termini ilə desək stadiona Avropa Çempionatının topunu atmaqla oyunun taleyi həll olmur. Ona görə də, Paşinyanın İrəvan-Gürcüstan yolu və digər mövzularla bağlı bəyanatları özünə daxili auditoriyada xal qazanmaq üçündür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər