29 Sentyabr 16:50
6 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Afrika strategiyasını dərinləşdirməkdə davam edir. Ankara Somali sahillərində həm neft yataqlarına maraq göstərir, həm də bu dövlətlə hərbi əməkdaşlığı genişləndirir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Somalidə qeyri-sabitlik hökm sürsə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son iyirmi ildə bu ölkəni ziyarət edən ilk qeyri-Afrika ölkəsi lideri olub:

"Türkiyənin xaricdəki ən böyük hərbi bazası Somalidə yerləşir. İki ölkə arasında neft yataqlarının kəşfiyyatı ilə bağlı sazişlər imzalanıb. Geoseysmik tədqiqatlar Somalidə ən azı 30 milyard barel neft-qaz ehtiyatının olduğunu göstərir. Türkiyənin enerji təchizatı təxminən 74 faiz idxaldan asılıdır, buna görə də Ankara enerji sektorunu şaxələndirmək niyyətindədir.

Afrika ölkələri Türkiyə ilə ticari, diplomatik və təhlükəsizlik əlaqələrini gücləndirməyi hədəfləyiblər. Ankara Afrika ölkələri ilə ticarəti atırmaq və yeni azad ticarət zonaları yaratmaq siyasətini təşviq edir. Ankaranın Afrika siyasəti tərəflər üçün səmərə verən ən uğurlu istiqamətlərdən biri sayılır. Türkiyə son iyirmi ildə Afrikadakı səfirliklərinin sayını 12-dən 44-ə yüksəldib. Türk Hava Yolları Afrikanın 62 istiqamətinə uçuşlar həyata keçirir, 38 Afrika ölkəsi isə Ankarada səfirlik açıb. Türkiyənin qitədə artan təsiri 2003-cü ildəki 5.4 milyard dollarlıq ticarətdən 2022-ci ildə 41 milyarda yüksəlib. Türkiyə investorlarını Afrikanın gənc əhalisinin zəngin iqtisadi faydalar vəd edən mallara artan tələbatı cəlb edir.

Ankaranın Afrikadakı fəallığı asan başa gəlmir. Türkiyə Afrikada ABŞ, Fransa, Rusiya və Çin kimi dövlətlərlə rəqabət aparmalıdır. Ərdoğan Afrika ölkələri ilə 75 milyard dollarlıq ticarətin hədəfləndiyini desə də, rəqiblərlə mübarizədə bu göstəriciyə çatmaq çətindir. Türkiyə indiyədək yalnız dörd Afrika ölkəsi ilə - Tunis, Misir, Mərakeş və Mavrikiya ilə azad ticarət müqaviləsi imzalayıb. Kasıb dövlətlər olan Somali və Sudan hələ də Türkiyədən yardım alır. Somali və Sudanın ticarət baxımından potensialı zəifdir".

Mərkəzin ekspertləri bildirirlər ki, Türkiyə Afrika ölkələrinə satdığı PUA-lar hesabına qitənin dördüncü ən böyük silah tədarükçüsünə çevrilib:

"Bununla belə, türk şirkətləri Çin firmaları ilə rəqabət aparmaqda çətinlik çəkirlər. Çin dövləti öz şirkətlərinə birbaşa "Exim Bank" vasitəsilə dəstək verir. Təkcə 2023-cü ildə Çinin Afrikadakı investisiyalarının həcmi 282 milyard dollara çatıb. Müqayisə üçün qeyd edək ki, Türkiyənin bu günə qədər Afrikaya sərmayəsi 10 milyard dollar civarında olub. Türkiyə Afrikada Çinlə ayaqlaşmaq üçün qitəyə yatırımlarının həcmini artırmalıdır. Ancaq bunu reallaşdırmaq çətindir. Çünki iqtisadi problemlərini həll etməyə çalışan Türkiyənin özünün yatırımlara ehtiyacı var".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər