Avropa İttifaqının Ermənistan ərazisində olan “missiyası”nın son zamanlar Azərbaycanla şərti sərhəddə müəyyən "vizual müşahidələr" aparması heç də təsadüfi deyil. Fransa bayrağı olan avtomobillərlə şərti sərhədə yaxınlaşmaq təxribat xarakterli addımdır. Görünən odur ki, Fransa Azərbaycana qarşı çirkin niyyətindən əl çəkmək istəmir. Bu yaxınlarda Avropa Parlamentində ölkəmizə qarşı qəbul edilən əsassız qətnamənin ardınca Azərbaycanla şərti sərhədə gəlib burada nəyinsə müşahidəsini aparmaq eyni ssenarinin tərkib hissəsidir.
Bunu Teleqraf.com-a Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, həmin əsassız qətnamə də Fransa tərəfindən hazırlanmışdı:
“Avropa Parlamentində də bu, sırf Fransanın təzyiqi ilə qəbul edildi. Sözsüz ki, bu kimi absurd qərarların Azərbaycana heç bir təsiri yoxdur. Amma bütün hallarda bu, Fransanın Azərbaycana qarşı növbəti düşmənçilik cəhdi idi. Rəsmi Paris göstərmək istəyir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Ona görə də, bütün imkanlarını səfərbər edib prosesə mane olmağa çalışır”.
Vitse-spiker hesab edir ki, Fransa Cənub Qafqazda sülhün bərqərar olunması ilə barışa bilmir:
“Rəsmi Paris müstəmləkəçilik siyasətindən əl çəkmir. Fransa özünü Ermənistanın böyük "bacısı" adlandırsa da, proseslərə öz maraqları kontekstində yanaşır. Ermənilər Fransanın guya onların maraqlarını müdafiə etdiyini düşünürlərsə yanılırlar. Çünki Paris üçün ən ümdə məsələ özünün müstəmləkəçilik siyasətinin bu və ya digər formada davam etdirilməsidir”.
Ziyafət Əsgərova görə, Avropa İttifaqının ABŞ və digər Qərb ölkələrinin bu günlərdə Gürcüstanda keçirilən seçkilərə olan münasibəti əslində bütün məqamlara aydınlıq gətirmiş oldu: “Gürcüstanda demokratik seçki keçirilsə də, onlar bunu qəbul etmirlər. Çünki öz istədikləri olmayıb. Həmin qüvvələr demokratiya anlayışına öz istəkləri kontekstindən yanaşırlar. Faktiki olaraq bu, gürcü xalqının iradəsinə olan hörmətsizlikdir”.