31 Oktyabr 13:15
3 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə heç bir mənfəət güdmədən İraq və kürd bölgəsinə kömək edib.

Teleqraf.com xəbər verir ki, bunu Şimali İraq Kürd Muxtariyyətinin baş naziri Nəçirvan Bərzani deyib.

Bölgə lideri İraqın mərkəzi hökumətilə Ceyhan (Türkiyə) limanına neft axınının bərpası ilə bağlı aparılan danışıqlara dair sualı cavablandırarkən bildirib:

“Bəzi partiyalar hesab edirlər ki, neft siyasi məsələdir. Biz heç vaxt neftə siyasi məsələ kimi baxmamışıq. Bu, iqtisadi məsələdir".

Bərzani neft ixracının dayandırılmasının İraqa 15 milyard dollara başa gəldiyini vurğulayıb:

“Türkiyə xaricə neft ixrac etməyimizə icazə verdi. Bunu da İraq və Kürdüstan bölgəsinə kömək üçün elədi və bundan heç nə qazanmadı. Biz nə Türkiyəyə neft satmışıq, nə də Türkiyə neft almaq üçün bizə təzyiq göstərib. Hazırkı durumda nefti boru kəmərləri ilə ixrac etməməkdən ən çox zərər çəkən İraqdır”.

İraq 2014-cü ildə məhkəmə işi qaldıraraq, Türkiyənin kürd muxtariyyəti tərəfindən hasil edilən nefti Kərkük-Ceyhan kəməri ilə idxal etməsinin iki ölkə arasındakı razılaşmanı pozduğunu iddia edib. Bağdad 2023-cü ilin martında Beynəlxalq Arbitraj Məhkəməsində qaldırdığı iddianı qazandıqdan sonra Şimali İraqdan Türkiyəyə gündəlik 450 min barel neft ixracı dayandırılıb.

Arbitraj məhkəməsində Türkiyənin İraqa 1.4 milyard dollar ödəməsi barədə qərar da çıxarılıb. Amma Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi birtərəfli təzminat ödənişinin edilməyəcəyini, hər iki tərəfin qəbul və rədd edilən tələblərinin olduğunu, hər iki tərəfin təzminat ödəməli olduğunu açıqlayıb.

Bağdad və Ərbil 2023-cü ilin aprelin Türkiyə üzərindən neft ixracına davam etmək barədə razılığa gəlib, amma boru kəməri ilə neft axını hələ də təmin edilməyib. Ərbil danışıqların dalana dirənməsinə görə Türkiyəyə neft ixracının hələ başlamadığını bildirib.

Kürd muxtariyyətinin Xarici İşlər Nazirliyinin sözçüsü Lavk Qafuri məsələ ilə əlaqədar söyləyib: “Neft axını ilə bağlı hər şey indi Bağdad və Ankaranın əlindədir və hər iki tərəf neft axınının yenidən başlaması üçün razılığa gəlməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər