Bayden administrasiyası Çinin ABŞ-ın milli təhlükəsizliyini təhdid edə biləcək texnologiya sektorlarına investisiyalarını məhdudlaşdıracaq qaydaları müəyyənləşdirdiyini açıqlayıb. ABŞ Xəzinədarlığının təklif etdiyi qaydalar 2023-cü ilin avqustunda Prezident Co Bayden tərəfindən imzalanmış və üç əsas sektoru əhatə edir. Bura yarımkeçiricilər, mikroelektronika, kvant informasiya texnologiyaları və süni intellekt sistemləri daxildir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, yeni qaydalar gələn ilin yanvarın 2-də qüvvəyə minəcək və xəzinədarlığın yeni yaradılmış Qlobal Əməliyyatlar İdarəsi tərəfindən nəzarət ediləcək:
“Yeni qaydalar Çinin ABŞ-ın yeni texnologiyalarına yiyələnməsinə mane olacaq. Çin Xarici İşlər Nazirliyi Vaşinqtonun yeni qaydalarını “anti-qloballaşma ilə məşğul olmaq cəhdi” adlandırıb. Pekin bu qaydalara qarşı Çinin maraqlarını qorumaq hüququnu özündə saxladığını açıqlayıb.
Çinə daha bir zərbə Avropa İttifaqından gəlib. Brüssel Pekinlə danışıqlarım nəticəsini gözləmədən Çin istehsalı olan elektrik avtomobillərinə rüsumlar tətbiq edib. Avropa Komissiyasının qərarına görə, Çin istehsalı olan elektrikli avtomobillərə 45 faizlik yüksək tarif tətbiq olunacaq.
Avropa Komissiyası Çinin elektrik avtomobillərinə qarşı tətbiq etdiyi yeni tarifləri ədalətsiz subsidiyalarla əlaqələndirib. Çin öz istehsalçılarına subsidiyalar ayırmaqla elektrikli avtomobillərin Qərb ölkələrində ucuz qiymətə satılmasını təmin edir. Belə olan halda ABŞ və Avropa istehsalçıları rəqabətdə geri qalırlar. ABŞ və Kanada Çin istehsalı olan elektrikli avtomobillərə 100 faizlik tariflər tətbiq etdikdən sonra Avropa da öz bazarını qorumağa qərar verib. Çin ildə 3 milyon elektrikli avtomobil istehsal edir”.
Təhlildə vurğulanır ki, Pekin Vaşinqtonun yeni qaydalarını cavabsız qoymadığı kimi Brüsselə də xəbərdarlıq mesajı göndərib: “Pekin Çinin avtomobil istehsalçılarına Avropa ölkələrində böyükhəcmli investisiyaları dayandırmağı məsləhət görüb. Bu qərar Avropa İttifaqı ilə Çin arasında iqtisadi gərginliyi daha da artıracaq”.