31 Oktyabr 19:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 31-də Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçeklə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin siyasi, iqtisadi və humanitar aspektləri müzakirə edilib, ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, o cümlədən parlament sədrləri və dostluq qrupları səviyyəsində təmasların əhəmiyyəti vurğulanıb.

Spiker Sahibə Qafarova, parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərin inkişafında mühüm rolunu qeyd edərək, Altıncı çağırış Milli Məclis dövründə Çex parlamenti ilə əməkdaşlığın genişlənməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb.

O, VII çağırış dövründə də bu əməkdaşlığın davam etdiriləcəyinə inamını ifadə edib və parlamentlərin dostluq qrupları ilə profil komitələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətinin və qarşılıqlı dəstəyinin mühüm olduğunu deyən parlamentin spikeri, parlamentlərarası əlaqələrdə obyektiv məlumatların paylaşılması baxımından qarşılıqlı məlumatlandırmanın inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Gələn ay Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a hazırlıq prosesindən söz açan spiker Sahibə Qafarova deyib ki, COP-29-un qlobal bir problemə və həmrəylik tələb edən bir məsələyə həsr olunduğunu nəzərə alaraq, tədbirin siyasiləşdirilməsi cəhdləri yolverilməzdir.

Azərbaycan parlamentinin iqlim dəyişmələri kimi qlobal çağırışların həlli üzrə aparılan müzakirələrə parlament töhfəsinin təmin olunması istiqamətində səyləri haqda danışan spiker qeyd edib ki, Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə COP-29 çərçivəsində tədbirə qatılacaq parlamentarilər üçün iqlim dəyişikliyi ilə mübarizədə geniş fikir mübadiləsi aparmaq və birgə mövqedən çıxış etmək imkanı yaradacaq Parlament toplantısı keçirməyi planlaşdırır.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Milan Sedlaçek, spiker Sahibə Qafarovanı Milli Məclisin VII çağırışında yenidən sədr seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Qonaq, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlıqdan məmnun olduğunu, bu əlaqələrin davam etdiriləcəyinə əminliyini ifadə edib.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir, Çexiyanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirib, bu tədbirin iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər