AĞ Partiya başqanı Tural Abbaslı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Kazanda Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında keçirilən görüşdən sonra xarici işlər nazirlərinə müəyyən təlimatlar verildi. Sülh prosesinin irəliyə aparılması üçün müsbət addımların atıldığı bildirilir, gözləntilər nədən ibarətdir?
- Yaxın dövr üçün sülhün əldə edilməsi inandırıcı deyil. Çünki bununla bağlı Azərbaycanın konkret tələbləri var. Ermənistan bu tələbləri icra etmək istəmir. Bu şərtlər təmin olunmasa, qalib ölkə olaraq Azərbaycanın hansısa yarımçıq bir sənədə imza atması mümkün deyil. Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü tələbləri icra etmək niyyətində deyil.
- İrəvanın əsas yayınmağa çalışdığı şərtlər nələrdir?
- Ermənistan açıq dəhliz yaratmaq, yəni Zəngəzur dəhlizini açmaq və öz konstitusiyasında Azərbaycana qarşı olan əsassız ərazi iddialarından imtina etmək niyyətində deyil.
- Bu halda iki dövlət arasında yekun sülhə necə ümid bəsləmək olar?
- Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında sülhə ehtiyac yoxdur. Sülh məsələsinin də həddindən artıq şişirdilməsi lüzumsuzdur.
- Sülh müqaviləsinin imzalanması nəyə mane ola bilər ki?
- Azərbaycanın Ermənistandan 30 illik işğal dövründə törətdiyi etnik təmizləmə, soyqırımı, talançılıq və barbarlığa görə təzminat tələbi var. Eyni zamanda tarixi Azərbaycan torpaqlarının geri qaytarılması kimi məsələlələr mövcuddur. Ona görə də indiki şərtlər daxilində imzalanacaq hansısa sülh sənədi sabahkı addımlar üçün ölkəmizin əl-qolunu bağlaya bilər. Bu baxımdan sülh sazişinin imzalanması ehtimalı azdır.
- İki dövlət arasında yekun sülh olmasa nələr baş verər?
- Azərbaycanın burada itirəcəyi heç nə yoxdur. II Dünya müharibəsində Almaniya məğlub oldu. ABŞ Almaniya ilə sülh sazişi imzalamasa, heç nə itirməyəcəkdi. Yəni məğlub ölkə ilə qalib dövlət arasında sülhün imzalanmaması məğlub tərəfin vəziyyətinin ağırlaşması deməkdir. Çünki sülh qalib ölkənin şərtləri daxilində imzalanır. Bu, əslində müharibənin dayanması, yəni atəşkəsdir.
- Belə çıxır ki, indiki halda sülhə ehtiyac yoxdur?
- Faktiki olaraq bu gün Azərbaycanla Ermənistan arasında müharibə getmir. Sülhə ancaq müharibəni dayandırmaq üçün ehtiyac yaranır. Bu gün sülhə Fələstində, Qəzzada ehtiyac var. Sadəcə olaraq dünya kar-kor olub müharibəni dayandırmır. Amma bunun əksinə az qala bütün dünya dövlətləri indi Azərbaycana Ermənistanla sülh imzala deyir. Rusiya-Ukraya savaşında rəsmi Kiyev sülh, atəşkəs istəyir, amma Boris Conson (İngiltərənin sabiq baş naziri) gəlib deyir ki, yox müharibə davam etməlidir. Gündə az qala minlərlə adam ölür. Amma bunların vecinə deyil. Əksinə silah verirlər ki, müharibə davam etsin.
- Azərbaycana qarşı olan təzyiqlərdə əsas məqsəd nədir?
- Əsas niyyətləri tarixi Azərbaycan ərazilərində qurulan Ermənistanı indiki halda sülh sazişi ilə rəsmi Bakıya tanıtdırmaqdır. Çünki nə 1918-ci ildə, nə də ki, 1991-ci ildə Azərbaycan və Ermənistan bir-birlərinin qarşılıqlı olaraq sərhədlərini tanıyan hansısa sənədə imza atmayıb. 1918-ci ilə Azərbaycan Xalq Cumhuriyyəti (AXC) tarixi Azərbaycan ərazisi olan İrəvanı ermənilərə ona görə güzəştə getdi ki, onlar sonrakı dövrdə ölkəmizə, xüsusən də Qarabağa qarşı hansısa iddia qaldırmasın. Amma sonra Qarabağa görə Ermənistan işğalçılıq məqsədi ilə Azərbaycana qarşı müharibəyə başladı. Bununla da ermənilər öz üzərlərinə götürdükləri şərtləri pozmuş oldu.
- Bu halda rəsmi Bakının əsas tələbləri hansı reallıqlar üzərində qurula bilər?
- Əslində, Azərbaycan tərəfi olaraq tarixi reallıqları nəzər alaraq İrəvan şəhərinə də iddialar qaldırılmalıdır. Keçmiş sovet dövründə Nəriman Nərimanov (Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci sədri) kimi “siyasi xadimlərin” sayəsində Azərbaycan 20 min kv km ərazi itirib. 9 min kv km ərazi üzərində qurulan və keçmiş SSRİ-nin tərkibinə bu reallıqla daxil olan Ermənistan sovet dağılanda 29 min kv km ərazi ilə ondan ayrıldı. Amma bir nəfər sual vermədi ki, Ermənistan bu 20 min kv km-lik ərazini haradan aldı? Və yaxud 114 min kv km-lik bir ərazi ilə SSRİ-yə daxil olan Azərbaycan imperiya dağılanda buradan niyə 86,6 min kv km-lik bir ərazi ilə ayrıldı? Ona görə də bu faktlar fonunda gələcək nəsilərə belə məsələlərin müzakirə predmeti kimi qalmaması üçün Azərbaycan heç bir öhdəlik götürməməlidir.