Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik və nifrət zəminində həyata keçirdiyi etnik təmizləmə və deportasiya siyasəti ilə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına açıq məktub ünvanlayıb.
Ombudsman Aparatından Teleqraf.com-a daxil olan məlumatda qeyd olunur:
"Ombudsman beynəlxalq təşkilatları, xarici ölkələrin ombudsmanlarını və milli insan hüquqları təsisatlarını ikili standartlara yol vermədən, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında Azərbaycana münasibətdə qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə dəvət edib. Səbinə Əliyeva beynəlxalq ictimaiyyəti sözügedən problemin ədalətli həllinə nail olmaq məqsədilə qəti addımlar atmağa çağırıb. Ermənistanın sabiq prezidentinin etiraflarında yer alan dəhşətli faktların araşdırılması istiqamətində beynəlxalq səviyyədə təsirli tədbirlərin görülməsi vacibdir".
Həmçinin, Ermənistan tərəfindən azərbaycanlılara qarşı irqi və etnik-dini zəmində ayrı-seçkilik səbəbindən törədilmiş soyqırımı aktlarının tanınması, etnik təmizləməyə və deportasiyaya məruz qalmış soydaşlarımızın Qərbi Azərbaycana (indiki Ermənistana) - öz tarixi ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması, beləliklə də onların pozulmuş hüquqlarının tezliklə bərpa olunmasına dəstək göstərilməsi Ombudsmanın məktubunda qeyd edilib.
İnsan Hüquqları üzrə Müvəkkil beynəlxalq ictimaiyyətdən indiki Ermənistandan qovulmuş azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı həyata keçirildikdən sonra onların beynəlxalq hüquq normalarında təsbit olunmuş bütün fundamental hüquq və azadlıqlarının qorunmasına təminat verilməsini də istəyib. Səbinə Əliyeva bununla bərabər azərbaycanlılara məxsus mülkiyyətin, o cümlədən müxtəlif təyinatlı torpaq sahələrinin sahiblərinə geri qaytarılması, onlara vurulmuş zərər və mülkiyyətdən istifadənin qarşısının alınması səbəbindən yaranmış itkilərlə əlaqədar kompensasiya ödənilməsi, mülkiyyət hüququnun bərpasından irəli gələn bütün xərclərin qarşılanması və digər zəruri tədbirlərin görülməsinin Ermənistan hökuməti tərəfindən təmin edilməsini müraciətində vurğulayıb.
Ombudsmanın məktubunda diqqətə çatdırılan vacib məsələlərdən biri də indiki Ermənistan ərazisində və işğal dövründə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində azərbaycanlılara məxsus mülklərin, tarixi-mədəni və dini abidələrin Ermənistan tərəfindən dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasətinə məruz qalmasının beynəlxalq cinayət kimi qiymətləndirilməsi və bununla bağlı zəruri addımlar atılmasıdır. O, Ermənistan hökumətindən azərbaycanlılara qarşı irqi, etnik-dini zəmində nifrət və ayrı-seçkiliyi təşviq edən əməllərdən çəkinmələri və xüsusilə də bu fəaliyyətə uşaqların cəlb olunmasına yol verilməsinin qarşısının alınmasını edib.
Səbinə Əliyeva xarici ölkələrin ombudsmanları və dünya ictimaiyyətinə müraciətində azərbaycanlılara qarşı nifrəti təbliğ edən və gənc nəslin formalaşdırılmasında istifadə olunan ədəbiyyatların qadağan edilməsini və dövlət nümayəndələrinin və siyasi xadimlərin azərbaycanlılara və Azərbaycana qarşı nifrət zəminində çıxışlarına son verilməsini də tələb edib.
Onun fikrincə, beynəlxalq insan hüquqları təşkilatları, xarici ölkələrin ombudsmanları və milli insan hüquqları təsisatları, bütövlükdə isə dünya ictimaiyyəti bu məsələyə ciddi yanaşacaq və Azərbaycanın ərazilərində törədilən cinayətlərin ədalətli şəkildə araşdırılmasına, həmçinin azərbaycanlıların hüquqlarının bərpasına öz dəstəyini əsirgəməyəcəklər.