Müsavat Partiyasından istefa verməmişəm. Bu yalan məlumatdır, həqiqətlə uyğunluğu yoxdur. Sağlamlığımda da xüsusi bir dəyişiklik yoxdur ki, belə bir qərar verəm.
Bu barədə Teleqraf.com-a açıqlamasında istefa xəbərinə münasibət bildirən Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı deyib.
“Bu mənə qarşı atılan növbəti iftiradır. Kimlərin belə bir məlumatı nə məqsədlə yaydığını bilmirəm. Kim harada bunu birinci deyib, haradan yayılıb? Bu da məlum deyil. Haradan yayıla biləcəyini, kim edə bilər - onu da ehtimal etmirəm”, - deyə o qeyd edib.
Gülağa Aslanlı bildirib ki, kimlərsə gündəmdə qalmaq, ortaya yeni mövzular atmaq üçün ola bilsin, bu metoddan istifadə edirlər: “Bu yalan və boş söhbətdir. Partiyada da tutduğum vəzifələri icra edirəm. Məndən xüsusi bir narazılıq yoxdur”.
Qeyd edək ki, Gülağa Aslanlı 1952-ci ildə Masallıda anadan olub. O, müxtəlif illərdə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri və Mərkəzi Seçki Komissiyasının üzvü kimi çalışıb. 2024-cü ilin mayından isə Müsavat Partiyasının başqan müavini təyin edilib.