6 Avqust 2020 12:58
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valideynlər iddia edirlər ki, son günlər Təhsil Nazirliyindən zəng edilərək onların evində kompüter və ya planşet kimi internetə çıxış resurslarının olub-olmaması barədə suallar verilir. Bu isə onlarda yeni tədris ilində dərslərin onlayn keçiriləcəyi fikrini yaradır.

Məsələ ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov Teleqraf.com-a açıqlamasında bildirib ki, bu zənglər virtual məktəb layihəsi ilə əlaqədardır:

“Konkret olaraq Təhsil Nazirliyindən evlərə zəng vurulması ilə bağlı qərar və ya göstəriş yoxdur. Bu proses monitorinq aparmaq və ya müəyyən yardımlar olunması məqsədi ilə həyata keçirilir.

Məsələn, mənim rəhbərlik etdiyim Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə icra etdiyi layihə çərçivəsində virtual məktəb, təhsilə dəstək məqsədi güdən bu tipli bir kampaniya aparırıq. Təbii ki, bizim imkanlarımız geniş deyil. Amma 20 imkansız ailəyə planşetlərin hədiyyə edilməsi üçün işə başlamışıq.

Həmin imkansız ailələr Bərdə və Astara rayonlarında müəyyənləşdirilib. Növbəti həftə bu planşetlər ailələrə təqdim olunacaq. Eyni zamanda virtual məktəbə çıxışın reallaşdırılması məqsədilə müvafiq təlimatlar hazırlanıb şagirdlərə göndəriləcək”.

Təhsil Nazirliyinin yeni tədris ilində müəyyən planlar üzərində işlədiyini qeyd edən ekspert bu barədə yaxın zamanda ictimaiyyətə məlumat veriləcəyini bildirib: “Detalları indi açıqlaya bilmərəm, çünki bu istiqamətdə qərarı Təhsil Nazirliyi qəbul etmir. Təhsil Nazirliyi təkliflər hazırlayıb yaxın günlərdə Nazirlər Kabinetinə təqdim edəcək və Nazirlər Kabinetinin qərarı əsasında bu məsələyə baxılacaq. Hazırkı göstəricilər onu deməyə əsas verir ki, belə davam etsə, sentyabr ayında dərslərin başlaması məsələsi gündəmə gələ bilər.

Bütün hallarda ölkə başçısının da qeyd etdiyi ki, əsas vətəndaşlarımızın sağlamlığıdır, sonrakı sahələrdə olan fəaliyyətlər ikinci planda yer alır. Dərslərin başlayıb-başlamasması ilə bağlı qərar yalnız sentyabr ayında olan epidemioloji-statistik göstəricilərdən asılı olacaq. Hazırda durum nəzarətdədir. Azərbaycanda koronavirusla mübarizə tədbirləri effektini verməkdədir, virusa yoluxma və sağalanların sayında müsbətə doğru dəyişiklik sentyabr ayında ənənəvi dərslərə başlamağımız üçün ümid yaradır. Amma bütün bunlar arzu, istəkdir. Yekun vəziyyət nəzərə alınacaq, adekvat qərar qəbul ediləcək”.

İlqar Orucovun sözlərinə görə, Təhsil Nazirliyi tədris müəssisələrində hazırlığı davam etdirir, sanitar-epidemioloji prosedurlar tətbiq olunur: “Beynəlxalq təcrübə də öyrənilir, uyğun təkliflər hazırlanır. Ümid edək ki, vəziyyət yenidən pisləşməyəcək. İnsanlar dövlətin müvafiq qərarlarına əməl edəcək və pandemiyanın yenidən vüsət alması baş tutmayacaq, hər şey normal axarına düşəcək.

Təhsil Nazirliyinin qarşıdakı dövr üçün tədbirlər planı var, vəziyyət diqqətdə saxlanılır. Bu gün biz Təhsil Nazirliyi yanında İctimai Şura olaraq yeni Təhsil naziri ilə onlayn müşavirə keçirəcəyik. Bu müşavirədə sözügedən məsələlər bir daha müzakirə olunacaq və bu istiqamətdə fikir mübadiləsi aparılacaq. Hər hansı yeni qərar, fikir olacaqsa, bu barədə ictimaiyyətə məlumat verəcəyik”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər