Ölkəmizdə erkən yaşında evlilik qərarı verib, daha sonra həyat yoldaşları tərəfindən tərk edilən xeyli qadın var. Problemin həlli üçün uzun illər dövlət və qeyri-hökumət sektoru tərəfindən maarifləndirmə işləri aparılsa da, eyni moivli problemlər günümüzdə də aktuallıq təşkil edir.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından (AQSİA) Teleqraf.com-a verilən məlumatda bildirilib ki, Hovsan qəsəbəsində ata evində məskunlaşan Asya Ələkbərova adlı gənc ana iki azyaşlı övladına baxmaqda çətinlik çəkir.
AQSİA-nın üzvü olan “Xeyirli əllər” fondu və “By Aynur Xəlilova” Moda evinin təsisçisi, eyni zamanda “Double” şirkətinin kreativ direktoru və təsisçisi Aynur Xəlilovova körpələrə mütəmadi yardım etməyi öz üzərinə götürüb. İlkin olaraq körpə lazım olan qida və sağlamlıq məhsulları ilə təmin edilib. Məsələni daha detallı araşdırmaq və xanımın vəziyyətini öz dilindən öyrənmək üçün sahibkar xanım Aynur Xəlilovova ilə Asyanın yaşadığı “Zığ bağ evləri” massivinə yollandıq.
Evə daxil olduqda Asya və bir yaşlı qızını gördük. 24 yaşlı Asyanın 2 qız övladı var. İkinci körpəsi 2 həftəlikdir, dediyinə görə, qız olduğu üçün həyat yoldaşı onu tərk edib:
“Yoldaşım əslən Kürdəmirdəndir. 20 yaşım olanda qoşulub qaçdıq. Qaçmağımıza baxmayaraq bir müddət sonra ata evimdə birlikdə yaşamağa başladıq. İkinci övladım doğulduqda qız olduğuna görə məni atıb getdi”.
Asya hazırda ata evində valideynləri, qardaşı və iki qızı ilə qalır. 2 həftəlik körpəyə diqqət yetirdikdə isə hər birimiz sarsıldıq, körpə baxımsız və səliqəsiz idi, qol və boyun nahiyələrində bişməcələr əmələ gəlmişdi.
Asya Ələkbərova maddi cəhətdən çətinlik çəkdiyini və yardıma ehtiyacı olduğunu bildirdi. Çətinliklərə rəğmən övladlarına özü baxmaq niyyətindədir.
Məsələ ilə bağlı AQSİA-da iclas keçirilib. Sahibkar xanımlar müzakirələr zamanı, opertaiv şəkildə Asya Ələkbərovaya və iki qız övladına maddi dəstək göstərilməsini, eyni zamanda müvafiq qurumlara Assosiasiya tərəfindən müraciət olunmasını məqsədəuyğun sayıblar.
Xəbər saytımıza yerləşdirilən ərəfəsində məlum oldu ki, 15 günlük körpənin durumu ilə bağlı AQSİA adından Hovsan 16 saylı uşaq poliklinikasına və yerli sosial müdafiə şöbəsinə müraciət ünvanlanıb.
Körpənin həyatı ilə bağlı dəyişiklikləri izləyəcəyik.