Yəqin ki, yaxın zamanlarda vaksinasiya başlanacaq. Bütün dünyada bu proses intensiv şəkildə aparılır.
Teleqraf.com xəbər verir ki, bu sözləri professor Adil Qeybulla COVID-19 virusuna qarşı vaksinasiya haqqında danışarkən deyib.
Onun sözlərinə görə, peyvəndin nəticələri bir-iki ay müddətində məlum olacaq: “Çünki peyvənd tarixində çox hadisələr olub. Məsələn, Amerikada donuz qripinə qarşı peyvəndləmə zamanı problem ortaya çıxdı, denqi qızıdrımasına qarşı peyvənddə də oxşar hal baş verdi.
2009-cu ildə qlobal qrip pandemiyasına qarşı 31 milyon insan peyvənd olundu, ciddi problemlər görüldü. Buna görə də peyvəndin nəticələrini müəyyən müddətdən sonra görə biləcəyik. Lakin bu zənciri qırmaq üçün peyvəndləmə aparılmalıdır”.
Professorun fikrincə, hazırda dövlət səviyyəsində alınan peyvəndlərin parametrləri haqqında nəsə demək çətindir: “Yəqin ki, daha geniş məlumat ictimaiyyətə açıqlanacaq. Çindən alınan peyvəndlərin keyfiyyət parametrlərinə şübhə etməyə ehtiyac yoxdur. Çünki bu peyvəndlərin əksəriyyəti kifayət qədər nüfuzlu laboratoriyalarda hazırlanır.
Ən əsası odur ki, peyvənd tərəddüdünə qoşulmamaq, peyvənd əleyhinə çıxış etməmək, əksinə, peyvəndə isti yanaşmaq lazımdır. Çünki biz hər şeyi özbaşına buraxsaq, daha çox itkilərlə üz-üzə gələ bilərik.
Hesab edirəm ki, müxtəlif çeşidli peyvəndləri mərhələli şəkildə ala bilərik. Peyvəndləmə zamanı hanslısa vaksini özünü daha yaxşı göstərə bilər. Bu, ilk təcrübələrdir. Yəqin ki, yaxın müddətdə daha dəqiq nəticələr olacaq”.