Ötən gün erməni saytları Ermənistan diversantlarının Azərbaycan Ordusunun Şuşada nəzarət etdiyi mövqelərə hücuma keçməsi barədə ortaya bir dezinformasiya atmışdılar. Bəzi yerli media qurumları, eləcə də “YouTube” kanalları bu xəbəri dərhal tirajladı. Mütəxəssislər hesab edirlər ki, KİV sahəsindəki hazırkı durum ölkənin informasiya təhlükəsizliyinə təhdiddir. Erməni tərəfinin ortaya atdığı istənilən yalan xəbər və dezinformasiya Azərbaycan mediası tərəfindən tirajlanır.
Media məsələləri üzrə ekspert, professor Qulu Məhərrəmli Teleqraf.com-a bildirib ki, bu məsələlərdə peşəkarlığı yüksəltmək lazımdır:
“Bu məlumatı yayanların kifayət qədər xəbər duyumu olmalıdır ki, onlar bu cür informasiya tələlərindən yayınalar, informasiya savaşının qurbanı olmayalar, lazımsız xəbərləri saytlarında verməyələr. Bu, birinci məsələ deyil. Söhbət təkcə Ermənistandan və ya düşmən saytlardan göndərilən məlumatlardan getmir. Ölkə daxilində bu və ya digər əsassız məlumatları yoxlamadan, dəqiqləşdirmədən, mənbələri tutuşdurmadan verirlər. Bu da çox ciddi problemlər yaradır.
Hesab edirəm ki, bunun üçün ilk növbədə peşəkarlığı artırmalıyıq, xəbərlərə verilən tələbləri və parametrləri bilməliyik, bununla da öz işimizi qurmalıyıq. Yoxsa gündə bu cür xəbərlər gedəcək, hər dəfə “nə etməliyik” deyə suallar səsləndirəcəyik. Peşəkar və məsuliyyətli olmalıyıq, səviyyəni artırmalıyıq və jurnalist etikasını gözləməliyik. Vəziyyətdən çıxış yolu yalnız bununla bağlıdır”.
Məsələyə rəsmi qurumların dərhal reaksiyasına gəlincə, ekspert qeyd edib ki, informasiya mövcuddursa, rəsmi qurumlar açıqlama verə bilər: “Amma hər dəfə yayılan yalan informasiyaları təkzib etmək rəsmi qurumların vəzifəsi deyil. Hesab edirəm ki, media düşünüb hərəkət etməlidir, xəbərləri sayta yerləşdirərkən onların mənbəyini, dəqiqliyini yoxlamalıdır.
Bilməliyik ki, ciddi informasiya savaşı gedir, soyuq müharibədir, psixoloji təsir üsulları və vasitələri artır. Ona görə də mediada çalışanlar öz səviyyələrini artırmalıdırlar, bir az ayıq və peşəkar olmalıdırlar ki, bunların əsiri və qurbanı olmasınlar.
Bizə dost olmayan ölkələrdən müxtəlif məlumatlar gəlir. Belə olsa, gərək rəsmi qurumlar səhərdən axşama qədər təkzib edib açıqlama verməklə məşğul olsunlar. Media özü bu məlumatlara çıxış əldə etməlidir, araşdırma aparmalıdır. Gələn məlumatların üzərində heç bir iş getmədən dərhal sayta buraxmaq geniş kütləyə mənfi təsir göstərir. Ona görə də ilk növbədə media peşəkar olmalıdır”.