Fevralın 1-dən 640 000 şagirdi əhatə edən 1-4-cü siniflər tədris prosesinə cəlb edilib. 8 fevraldan isə 5-9-cu siniflər məktəblərə cəlb olunacaq. Əgər məktəblərdə şagird sıxlığı imkan verəcəksə, tədris prosesi tam bərpa ediləcək. Amma burada iki vacib məqam var. Şagird sıxlığı imkan vermirsə, Bakı, Sumqayıt və Abşeronda tədris prosesi 3 dəfə həyata keçiriləcək.
Bu fikirləri Teleqraf.com-a Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin direktoru Kamran Əsədov deyib.
Onun sözlərinə görə, şagirdlərin ənənəvi dərslərə cəlb olunduğu müddət istisna olmaqla onlayn dərslər tətbiq edilməyəcək:
“Bildiyiniz kimi 15 fevraldan etibarən orta ümumtəhsil məktəbləri ilə yanaşı, bağçalar da tədrisə başlayacaq. Qeyd edim ki, istər ibtidai, istərsə də 5-9-cu siniflər dərslərə gəlməsə, onlara onlayn dərslərin keçirilməsi mümkün olmayacaq. Çünki müəllim həftənin 3 və ya 5 günü məktəbdə olacaq, digər günlərdə isə o onlayn dərs keçməyəcək. Məktəblərdə ənənəvi qaydada dərslərin keçirilməsi ilə bağlı narahatlıq keçirən valideynlər yalnız teledərs vasitəsilə şagirdlərə biliklərin verilməsini öhdəliyinə götürür. Yaxud özü fərdi qaydada bu dərsləri təşkil edir.
Qeyd edim ki, məktəblərdə ənənəvi dərslərdə iştirak etməyən şagirdlərə müəllimlər onlayn qaydada - Microsoft Teams, Zoom proqramları ilə dərs keçmək öhdəlikləri yoxdur. Birmənalı şəkildə bütün müəllimlər bilməlidirlər ki, məktəblərdə onlayn dərs keçməməlidirlər”.
Kamran Əsədov bildirib ki, əgər kütləvi şəkildə bir məktəbin bütün sinfi ərizə yazaraq dərslərdə iştirak etməklə bağlı narahatlıq bildirərsə, həmin şagirdlərə müəllim onlayn dərs keçməlidir: “Bir sinifdə 1-2 şagird məktəbə gəlirsə, o sinifdə şagirdlərə onlayn dərs keçirilmir. Bütün sinif yoluxma və xəstəlikdən narahatdırsa, ərizə yazıb, dərslərdə iştirak etmək istəmirsə, müəllim məktəbdə yox, onlayn şəkildə şagirdlərə dərs keçəcək. Bu, ali təhsil müəssisələrinə də aiddir.
Tədris prosesində iştirak könüllüdür. Təhsil alanlar ənənəvi dərslərə qoşulmaq və ya qoşulmamaqda müstəqildirlər. Əgər qoşulmasalar, alternativ olaraq yalnız teledərslər vasitəsilə dərs keçiriləcək”.