Sosial şəbəkələrdə açıq havada maska taxmağa etirazlar var. Qapalı məkanlarda maska şərtdir. Lakin bu gün kifayət qədər geniş şəbəkə - kafe, restoranlarda insanlar sosial məsafə saxlamadan yemək yeyir, oturur, əylənir, amma açıq havaya çıxanda maska taxır. Bu baxımdan insanların etirazları məntiqli görünür.
Bunu Teleqraf.com-a açıqlamasında professor Adil Qeybulla deyib.
Onun sözlərinə görə, qarşıdan yay fəslinin gəlməsi ilə əlaqədar karantin tədbirlərinə yenidən nəzər salıb, dəyişikliklər etmək lazımdır:
"Digər tərəfdən, epidemioloji vəziyyətdən asılı olaraq karantin tədbirlərində yumşalma və ya sərtləşmə ola bilər. Hesab edirəm ki, yay fəslinə doğru açıq havada maska taxmaq məcburiyyətinə baxılmalıdır, insanlar artıq beziblər. Qapalı məkanlarla müqayisədə açıq hava yoluxma ehtimalı aşağıdır".
Professor bildirib ki, Ramazan ayının gəlişini fürsət bilib, kütləvi tədbirlər keçirmək yolverilməzdir: "Ramazan bayamında oruc tutmaq nəfs üzərində insanın nəzarət sistemidir. Bu, çox mükəmməl dini ayindir. Hesab edirəm ki, bunu icra edənlər dini baxımdan hazır olmalıdırlar. Xüsusilə də risk qrupuna aid olan, problemli şəxslər oruc tutmamalıdırlar. Sağlam şəxslər normal qidalanmaq şərtilə oruc tuta bilərlər. Xəstələndikləri təqdirdə isə müalicəyə başlamalıdırlar. COVID-19 keçirməyən şəxslər oruc tuta bilərlər. Eyni zamanda digər ayinlərin icra olunması, kütləvi tədbirlərin keçirilməsi doğru deyil".