“Dövlət başçısının yeni Sərəncamı ilə 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılır. Artımlar bu il yanvarın 1-dən tətbiq olunur və yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılmasına dair mətbuat konfransında deyib.
O əlavə edib ki, artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur:
“Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən yeni pensiya artımları üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək. 2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” Qanunla 6,5 milyard manat vəsait nəzərdə tutulub.
2023-cü ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılmasında vahid yanaşma tətbiq olunur.
Hazırki indeksasiya əsaslı pensiya artımı da digər pensiyaçılarla yanaşı, qulluq stajına görə pensiyalarına əlavələr təyin edilmiş pensiyaçıları (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və s.) da əhatə edir. Pensiyaların qulluq stajına görə əlavələrlə birlikdə müəyyən edilmiş məbləğləri və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımlar da 11,2 faiz indeksləşdirilərək artırılır”.