“Qurban bayramında ətin qiymətində ciddi artımının olacağı gözlənilmir”.
Bunu Teleqraf.com-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.
Onun sözlərinə görə, Qurban bayramı ərəfəsində Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində işləyəcək: “Hazırda bayramla əlaqədar tədbirlər planı hazırlanır. Plana əsasən, Qurbanlıq heyvanların satılması, kəsilməsi üçün xüsusi məntəqələr ayrılacaq. Baytar mütəxəssisləri həmin yerlərə, heyvanların sağlamlığına nəzarət edəcəklər”.
Murtuzəli Hacıyev qeyd edib ki, ayrılacaq məntəqələrdə sanitar qaydalara əməl olunacaq: “İnsanlar həmin ərazidən heyvanları rahat ala biləcəklər. Məntəqələr Bakı və Abşeronun müxtəlif yerlərində ayrılacaq”.
Azərbaycanda bu il Qurban Bayramı 12-13 sentyabr tarixlərinə təsadüf edir.
İlhamə ƏBÜLFƏT