Bu gün Region TV brendinin dəyişildirilməsi ilə bağlı mətbuat konfransı keçirilib.
Teleqraf.com-un xəbərinə görə, Region TV bundan sonra ARB TV kimi fəaliyyət göstərəcək.
“Region” televiziyasının direktoru İsmayıl Həsənovun sözlərinə görə, bu yenilənmə tərəfdaş telekanallara da aiddir. Ölkənin ilk televiziyası TTV bundan sonra “ARB 24” TV, Günəş televiziyası ARB Günəş TV, Gəncədə fəaliyyət göstərən Alternativ TV “ARB Alternativ” TV kimi fəaliyyətini davam etdirəcək.
“Region” televiziyasının tərəfdaşları da brendlərini dəyişiblər. Kəpəz TV “ARB Kəpəz” TV, Kanal S “ARB Şəki” TV, LTV “ARB Aran” TV, CTV “ARB Cənub” adı ilə yayımlanacaq”.
İsmayıl Həsənov qeyd edib ki, hər bir kanalın adı onun fəaliyyət göstərdiyi məkanın adına uyğunlaşdırılıb: “Bu, Cənubi Qafqazın ən böyük tərəfdaşlıq layihəsidir. Bu tərəfdaşlıqda 9 kanal, 1 radio təmsil olunur. Bura 5 regional, 3 tematik peyk yayımı olan TV və ARB TV daxildir. Media trendləri yenilənir, buna görə də biz bu addımı atdıq. Artıq, yeni efir konsepsiyasından çıxış edirik”.
Kanalların tezliklərdə heç bir dəyişiklik olmayacaq.
İsmayıl Həsənov bütün tərəfdaş kanalların eyni mikrofondan istifadə edəcəyini vurğulayıb.