Bakı Nəqliyyat Agentliyi paytaxtda şəxsi avtomobili ilə taxsi xidməti göstərən avtomobillərdə taksometrlərin quraşdırılması ilə bağlı qiymətlərin tənzimlənməsi üçün Tarif Şurasına müraciət edəcək.
Bu barədə Movqe.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib. N. Allahyarova bildirib ki, fərdi qaydada taksi xidməti göstərən sürücülər bəzən əsassız olaraq sərnişini gediş haqqı üçün yüksək məbləğ ödəməyə məcbur edirlər: “Taksi xidməti göstərən şirkətlər məsafəyə uyğun qiymət müəyyənləşdirib. Taksi sifarişi verən müştəri sifariş zamanı mənzil başına çatarkən ondan nə qədər məbləğ tələb olunacağını bilir. Amma fərdi qaydada taksi xidməti göstərən sürücülər yağışlı hava şəraitini, tıxacı bəhanə edib qiyməti süni artıraraq sərnişindən əlavə məbləğ tələb edir, adi günlərə nisbətən qiyməti iki dəfə bahalaşdırırlar. BNA fərdi şəkildə taksi xidməti göstərən sürücülərin fərqlənmə nişanı almasını təmin etdikdən sonra, taksilərə taksometr quraşdırılması ilə bağlı işlərə başlayacaq. Bu işlər yekunlaşdırıldıqdan sonra, biz məsafəyə görə qiymətlərin müəyyən edilməsi üçün təkliflər hazırlayaraq Tarif Şurasına göndərəcəyik.
Fərdi taski xidməti göstərən sürüclər taksometr əsasında, Tarif Şurasının müəyyən edəcəyi qiymətlə sərnişindaşıma ilə məşğul olacaqlar. Buna fərqlənmə nişanı alması prosesini tam yekunlaşdıqdan sonra, başlamağı nəzərdə tutmuşuq. Hələki hədəfimiz fərdi şəkildə taksi xidməti göstərən sürücülərin fərqlənmə nişanı almasını təmin etməkdir. Artıq bu istiqamətdə görülən işlərin ilk ayına yekun vurmaq üzrəyik. İndiyədək üç minə yaxın fərdi taksi sürücüsü taksi lisenziya alıb. Fərdi qaydada taxsi xidməti göstərən sürücülərin fərqlənmə nişanı almasını iki ay ərzində yekunlaşdırmağı nəzərdə tutmuşuq. Hazırda paytaxt ərazisində fərdi qaydada taksi xidməti göstərənlərin sayı 15 mindir”.