13 Fevral 2017 16:06
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikasında qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılır.

Teleqraf.com-un məlumatına görə, iqtisadçı Vüqar Bayramov hesab edir ki, Agentliyin yaradılması daxili bazarda məhsulların keyfiyyətinə müsbət təsir göstərəcək: “Agentliyin yaradılması qida məhsullarının ixrac imkanlarının artırılması məqsədini daşıyır. Eyni zamanda, bazarda keyfiyyətli məhsul bolluğu olacaq. Keyfiyyətli məhsul həm də ərzaq təhlükəsizliyinin vacib elementlərindəndir”.

Vüqar Bayramovun sözlərinə görə, fərmanda qida məhsullarının yeni keyfiyyət standartlarının sertifikatları da nəzərdə tutulub: “Əsas mexanizm ondan ibarətdir ki, “tarladan süfrəyə” prinsipi əsasında hər bir mərhələyə dövlət nəzarəti gücləndiriləcək. Ölkədə istehsal olunan məhsulların istehlakçılara təhlükəsiz təqdim olunması reallaşdırıdır və bu da onların hüquqlarının qorunmasında vacib sənəd kimi qiymətləndirilə bilər”.

Ekspertin fikrincə, fərman fermerlər üçün də vacibdir: “Çünki fermerlər öz məhsullarını bazara çıxarmaq imkanını əldə edəcəklər. Nəzərə alsaq ki, fermerlərin məhsullarının bir qismi mövsümdən sonrakı dövrdə xarab olur, onlar bundan ziyan görürdülər. Yeni mexanizm imkan verəcək ki, onlar fasiləsiz şəkildə qida məhsullarını bazara çıxarsınlar”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da fərmanı mühüm sənəd sayır: “Çoxdan gözlənilən fərman idi. Yeni agentlik müsbət dəyişikliklərə səbəb olacaq. Ölkədə zəhərlənmələrin sayı xeyli azalacaq, istehsal olunan qida məhsulları xarici bazara yol tapacaq, Azərbaycan istehlakçıları yerli qidalara üstünlük verəcək.

Bundan əlavə, təhlükəsiz qida istehsal edən yerli biznes inkişaf edəcək. Yaxın 10 ildə üstün nəticələr əldə etmək olar”.

İlhamə ƏBÜLFƏT


Müəllif: