Onlar hər yerdədirlər, yollarda, dayanacaqlarda, xəstəxanaların, məktəblərin giriş-çıxışında, svetaforlarda…
Kimi onlara qaraçı deyir, kimi dilənçi. Hər iki halda onların bir məqsədi var: Asan yolla pul qazanmaq...
Bəziləri üçün bu, həyat tərzidir, bəziləri üçün çarəsizlik, bəziləri üçün də məcburiyyət. Onlara qarşı mübarizə heç vaxt nəticə vermir. Ən qorxulusu isə zaman-zaman dilənçilik biznesi ilə məşğul olan şəbəkələrin törətdiyi tükürpədici cinayətlərdir. Onlar da ən azı narkotik qaçaqmalçıları, qanunsuz silah alveri ilə məşğul dəstələr qədər təhlükəlidir.
Onların insan oğurluğu ilə məşğul olduğunu deyənlər də var. Kimsəsiz, köməksiz insanları oğurlayıb, dilənməyə məcbur edirlər. Bu insanların arasında azyaşlılarla yanaşı, əlillər, qocalar da olur.
Bəs görəsən Azərbaycanda hüquq-müahafizə orqanları dilənçiliyə qarşı necə mübarizə aparır? Ümumiyyətlə, bizdə də bu cür cinayətkar dəstələr varmı?
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov Teelqraf.com-a bildirdi ki, Azərbaycanda bu cür təhlükəli cinayətkar dəstələrin mövcudluğu yalnız fərziyyə ola bilər və heç bir həqiqəti əks etdirmir: “Dilənçilik inzibati xəta sayılır. İnzibati Xətalar Məcəlləsinin 307-1-ci maddəsinə uyğun olaraq dilənçiliklə məşğul olan şəxslər barəsində protokol tərtib olunur və onlar 20 manatdan 25 manata qədər cərimələnirlər. Əgər dilənçiliklə məşğul olan şəxs yetkinlik yaşına çatmayan övladını da bu işə cəlb edirsə, cərimənuin üstünə 10 manatdan 15 manata qədər əlavə gəlir. Bu əməl təkrar-təkrar törədilsə həmin şəxs barəsində 15 günədək inzibati həbs seçilir. Eyni zamanda polis tərəfindən cərimələnən dilənçilər qeydiyyatda olduqları rayonlara göndərilirlər”.
Görünür, tətbiq olunan bütün cəza növləri hələ də bu işlə məşğul olanlara təsir eləmir. Əksinə, sanki onlar günü-gündən artıb çoxalırlar.
Bu günlərdə sosial şəbəkələrin biribndə hər kəsi təəccübləndirən görüntülər yayıldı. Bir qadın “Leksus” markalı xarici avtomobilindən bir kişini dilənmək üçün yolun kənarına düşürür.
Görüntüləri təqdim edirik.