9 Avqust 2018 15:49
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Diyanət Vəqfinin dəvəti ilə bu ölkədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi avqustun 8-də Diyanət İşləri Başqanının Diyanət Vəqfi üzrə müavini İlyas Serenli ilə görüşüb.

Dövlət Komitəsindən Teleqraf.com-a bildirilib ki, görüşdə Fondun icraçı direktoru Mehman İsmayılov respublikamızda tarixi ənənəyə söykənən tolerantlıq mühitinin formalaşdığını qeyd edib. M.İsmayılov bildirib ki, ölkəmizin multikulturalizm modeli dünyaya örnəkdir. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri barədə də ətraflı məlumat verən icraçı direktor bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycanda 2250 məscid, 14 kilsə, 7 sinaqoq mövcuddur.

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılma məqsədi və fəaliyyət istiqamətlərindən bəhs edən M.İsmayılov deyib ki, Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyini həyata keçirir.

Daha sonra Türkiyə Diyanət İşləri Başqanının Diyanət Vəqfi üzrə müavini İlyas Serenli iki ölkə arasında olan sıx münasibətlərin təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, bir millət iki dövlət olan Türkiyə və Azərbaycanın mənəvi sahədə sıx birliyi olduqca vacibdir.

Eyni zamanda, Fond rəhbərliyinin Türkiyə Diyanət Vəqfinin direktoru Mehmet Savaş Polat, Diyanət Vəqfinin Qaynaq İstehsalat İdarəsinin müdir müavini Süleyman Baysal, Diyanət İşləri Başqanlığının Xarici Əlaqələr İdarəsinin Avrasiya bölgəsi üzrə şöbə müdiri Ömer Faruk Savuran, Din Xidmətləri İdarəsinin Came Xidmətləri şöbəsinin müdiri Neşet Bodur, Həcc və Ümrə Xidmətləri İdarəsinin Həcc və Ümrə Təlimi şöbəsinin müdiri Esma Ertenlə də görüşü keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər