Bu gün Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib.
Teleqraf.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi təlimi izləyiblər.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə hazırlıq barədə raport verib.
Sonra təlimin mövzusu, məqsədi və mərhələləri barədə məlumat verilib. Qeyd olunub ki, təlimin keçirilməsində məqsəd Naxçıvan Qarnizonunun güc strukturlarının idarəetmə orqanlarının xüsusi əməliyyatların planlaşdırılmasında uzlaşmış fəaliyyətinə nail olmaqdan, birləşmə və hissələrin idarəetmə və əməliyyat heyətinin əməliyyatların planlaşdırılması, idarə edilməsi və təşkili üzrə bilik və bacarıqlarını təkmilləşdirməkdən, eləcə də müdafiə zamanı düşmənin kəşfiyyat-diversiya orqanlarının aşkar, təcrid və məhv edilməsindən ibarətdir.
Ali Məclisin Sədri yeni hərbi təyinatlı cihazlara baxıb.
Məlumat verilib ki, Silahlı Qüvvələrin Hərbi Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının birgə hazırladıqları “İldırım RP-10” radiopartladıcı və “Sərhəd Sipər Sistemi” yüksək texniki göstəricilərə malikdirlər. “İldırım RP-10” radiokanal sistemi mürəkkəb relyefi olan ərazidə 3500 metr məsafədə, birbaşa görüntülü ərazidə isə 5 min metr məsafədə döyüş tapşırığını yerinə yetirir. “Sərhəd Sipər Sistemi” isə 1 kilometr məsafədə mühəndis çəpərinə quraşdırılır və radiosiqnallar vasitəsilə xəbərdaredici maneələr zolağı yaradır. Dövlət sərhədinə hər hansı müdaxilə olduğu zaman sistem onun yerini müəyyənləşdirir və mərkəzə məlumat ötürür.
Sonra komanda verilib və təlim başlayıb.
Təlimdə Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı birləşmə və hissələrinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələrinin ümumilikdə mindən artıq şəxsi heyəti, 80-ə yaxın zirehli və avtomobil texnikası, 20-dən artıq hava hücumundan müdafiə vasitələri, 40-a yaxın artilleriya qurğusu, 10-dan çox aviasiya texnikası və pilotsuz uçuş aparatları iştirak edib.
Təlimdə düşmənin genişmiqyaslı hücum əməliyyatının və diversiya-təxribat fəaliyyətlərinin qarşısının alınması üçün şərti olaraq müxtəlif döyüş tapşırıqları yerinə yetirilib. Düşmən birinci eşelon birləşmələrinin güclü müqavimətinə rast gələrək hücumu dayandırmağa məcbur olub. Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı bölmələri Naxçıvan Qarnizonunun digər güc strukturlarının bölmələri ilə qarşılıqlı əlaqədə əks-zərbə endirib, düşmən müdafiəsinin yaxın dərinliyindəki dağ aşırımlarını, təminat və təxliyə yollarını tutub, mühüm obyektlərini məhv edib, döyüş texnikasını ələ keçirib.
Düşmənin diversiya-təxribat qrupunun zərərsizləşdirilməsi məqsədi ilə fəaliyyətə başlayan Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları təxribatçıları zərərsizləşdirərək tam tərkibdə ələ keçiriblər. Sərhədçilər dövlət sərhədinə basqın edən düşmənlə mübarizədə qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetiriblər. Xüsusi təyinatlı qrup isə düşmən kolonunu mina tələsinə salaraq döyüş texnikalarını qrupun atəşi ilə məhv edib, irəliləmə və geriçəkilmə yollarını bağlayıb.
Düşmənin döyüş-nəqliyyat vertolyotlarından istifadə etməklə qoşunlarımızın müdafiə dərinliyinə hava desantı çıxarmaq cəhdinin qarşısı alınıb, Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı dəstəsi düşmənin taktiki hava desantını mühasirəyə alaraq qısa müddətdə zərərsizləşdirib. Hakim yüksəkliyin aşırımını müdafiə edən düşmənin canlı qüvvəsini məhv etmək üçün xüsusi təyinatlı qrup ərazinin relyefindən yararlanaraq düşmən mövqeyinə gizli şəkildə yaxınlaşıb. Xüsusi təyinatlı qrup sərrast atəşlərlə düşmənin canlı qüvvəsini məhv edib, müdafiə mövqeyini ələ keçirib və hakim yüksəklik istiqamətində digər qrupların fəaliyyətinə əlverişli şərait yaradıb. Dağ aşırımının digər yamacını ələ keçirmək tapşırığı almış xüsusi təyinatlı qrup təyin edilmiş rayona zirehli “SANDCAT” avtomobilləri ilə hərəkət edib. Xüsusi təyinatlı qrup yüksəklikdə yerləşən düşmən mövqeyini ələ keçirməklə hakim yüksəkliyə hücum edən bölmələrin cinahlardan təhlükəsizliyinə və taktiki desantın hakim yüksəkliyə endirilməsinə şərait yaradıb.
Sərf edilmiş döyüş sursatlarının yenisi ilə təmin olunması, yaralıların təxliyə edilməsi, partlamayan və partlayış-təhlükəli mərmilərin tapılaraq zərərsizləşdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin pirotexniki taqımı, kinoloqları və xilasediciləri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər. Alpinistlər əlverişli istiqamətlərdə hakim yüksəkliyə qalxaraq bölmələrimizə müxtəlif döyüş sursatları çatdırıb, yaralanmış şəxsi heyət təxliyə olunub.
Təlimin gedişində düşmənin ehtiyatlarına aviasiya zərbəsi və hakim yüksəkliyə taktiki hava desantının endirilməsi göstərişi verilib. “SU-25” təyyarələri hədəfi qısa müddətdə məhv edib, “Mİ-35M” vertolyot manqası düşmənin hakim yüksəklikdə yerləşən mövqelərinə atəş zərbələri endirib. Vertolyotlardan endirilən taktiki hava desantı qrupları mühasirəyə aldıqları düşməni məhv ediblər. “KORD” və “NSVT” pulemyotları ilə silahlandırılmış “KOBRA” və “SANDCAT” yüngül zirehli transportyorların heyətləri düşmənin atəş nöqtələrini susdurublar. Snayper cütlükləri düşmənin döyüş sahəsində komanda heyətini, rabitəçiləri və əsas atəş vasitələrini aşkar edərək zərərsizləşdiriblər. Xüsusi təyinatlı qruplar isə Azərbaycan istehsalı olan “ZƏFƏR” tapançalarından və digər atıcı silahlardan istifadə edərək düşmənin yaxın məsafələrdəki canlı qüvvəsini məhv edib.
Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin qarşılıqlı əlaqədə birgə fəaliyyəti nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə tam nail olunub, yaradılmış hədəf qrupları və maketləri məhv edilib.
Xüsusi təyinatlı qruplar tərəfindən təlim ərazisindəki ən yüksək zirvədə üçrəngli bayrağımız qaldırılıb və işğaldan azad edilmiş Günnüt kəndi ilə bağlı “Günnüt Azərbaycan əsgərinin rəşadət əzmidir” şüarı nümayiş olunub.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra təlimdə iştirak edən şəxsi heyətlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi təlimin hadisəsiz və uğurla başa çatması münasibətilə zabit, gizir və əsgərləri təbrik edib, təlimdə iştirak edən bütün şəxsi heyətə təşəkkürünü bildirərək deyib: Bu il ölkəmizdə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının 27-ci ildönümü qeyd olundu. Hər bir dövlətin inkişafı üçün onun müstəqilliyi vacib şərtdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması bundan da çətindir”.
Ali Məclisin Sədri deyib: Ordusu olmayan dövlət müstəqil ola bilməz. Güclü ordu güclü dövlətçilik, sabitlik və inkişaf deməkdir. Azərbaycan xalqının heç bir zaman öz müstəqilliyindən geri çəkilməyəcəyini bəyan edən Ümummilli Liderimiz deyirdi ki, “Azərbaycan təkcə bu gün yox, gələcəkdə də torpaqlarını, dövlət müstəqilliyini qorumaq üçün güclü orduya malik olmalıdır”. Ulu Öndərimizin ordu quruculuğu sahəsində başladığı işi uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev dövlət müstəqilliyimizin qarantı olan güclü ordu yaratmışdır. Bu gün ordumuzun maddi-texniki bazasının gücləndirilməsi və döyüş hazırlığının artırılması istiqamətində kompleks tədbirlər görülür.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının da müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Keçirilən hərbi təlim də göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı ordu, birləşmə və hissələri istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə qadirdir. Ordumuz ona görə güclüdür ki, şəxsi heyətdə yüksək vətənpərvərlik var. Vətənpərvərlik sahib olduğumuz ən ali dəyərimizdir. Bu gün keçirilən hərbi təlimdən çıxarılan konkret nəticə də ondan ibarətdir ki, Silahlı Qüvvələrimizin hərbi qulluqçuları yüksək döyüş hazırlığı ilə yanaşı, həm də yüksək vətənpərvərliyə malikdirlər.
Ali Məclisin Sədri bir daha hərbi təlimin uğurla başa çatması münasibətilə təşkilatçılara, bütün şəxsi heyətə təşəkkür edib, çıxışını ölkə Prezidentinin fikirləri ilə tamamlayıb: “Bizim ordumuz bizim qürurumuzdur”.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimdə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə şəxsi heyətləri təbrik edərək deyib: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər sırasında Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinə xüsusi diqqət yetirir. Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlər isə Silahlı Qüvvələrin buradakı ordu, birləşmə və hissələrində xidmətin və döyüş hazırlığının yüksək səviyyədə təşkilinə imkan verir. Bu gün Əlahiddə Ümumqoşun Ordusu ən müasir silah, texnika və digər avadanlıqlarla təmin edilmişdir. Keçirilən təlim bunu bir daha təsdiq etdi. Muxtar respublikadakı bütün güc strukturlarının xüsusi təyinatlıları tərəfindən qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi, şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirdi. Artıq düşmən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun, eləcə də Silahlı Qüvvələrin muxtar respublikadakı digər birləşmə və hissələrinin yüksək döyüş hazırlığından, müasir silah və texnika təminatından qorxur və bunu etiraf edir.
Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək deyib ki, təlimdə Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələri tam döyüşə hazır vəziyyətə gətirilib, bölmələr döyüş uzlaşması keçib və tapşırıqlar uğurla yerinə yetirilib. Xüsusi təyinatlıların fəaliyyət ardıcıllığının vahid qaydada qəbul edilməsində, eləcə də radiotexniki, radioelektron, məlumat, xüsusi və qoşun kəşfiyyatlarının aparılmasında əməli təcrübə qazanılıb. Kərəm Mustafayev təlimdə iştirak edən şəxsi heyət adından minnətdarlıq edib, bundan sonra da bütün əmr və tapşırıqların uğurla yerinə yetiriləcəyini bildirub.
Ali Məclisin Sədri təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb.
Gizir Bəhruz Məmmədov və zabit Vüqar Məlikov minnətdarlıq edərək deyiblər ki, bu gün muxtar respublikada hərbi xidmət nümunəvi təşkil olunub. Hərbi hissələrin maddi-texniki təminatı, əsgərlərin məişət və xidməti şəraitinin yaxşılaşdırılması, eləcə də zabit-gizir ailələrinin yaşayışı üçün ardıcıl tədbirlər görülüb. Yaradılan şərait və bu cür təlimlərin keçirilməsi mübarizə əzmimizi və döyüş ruhumuzu daha da artırır. Əmin edirik ki, düşmənin istənilən təxribatının qarşısını almağa tam hazırıq.
Şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov xüsusi təyinatlıların təlim mərkəzində yaradılan şəraitlə maraqlanıb.
Bildirilib ki, təlim mərkəzində şəxsi heyətin yaşayışı, qidalanması və xidmətin aparılması üçün lazımi şərait var. Burada yataq yerləri, əşya və ərzaq anbarları, yeməkxana və məişət guşələri istifadəyə verilib. Görülən işlər istənilən hava şəraitində təlimlərin uğurla həyata keçirilməsinə imkan verir.
Ali Məclisin Sədri Naxçıvan Qarnizonu qoşunlarının birgə taktiki-xüsusi təlimlərinin bundan sonra da davam etdirilməsi və qarşılıqlı fəaliyyətin təşkili barədə müvafiq tapşırıqlar verib.