23 Avqust 2014 19:39
5 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Könül Mahmudova: “Ərdə və ya arvadda hepatit aşkarlanan kimi ailədə soyuqluq yaranır”

Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin direktor müavini, Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyanın sədri Murad Məmmədov ölkədə hepatit B və C virusları ilə bağlı vəziyyət barədə məlumat verib. O, deyib ki, böyüklər arasında əhalinin təxminən 2 faizi (18 yaşdan 60 yaşadək) hepatit B, bu qrupdan olan ölkə sakinlərinin təxminən 3 faizi isə hepatit C virusuna yoluxub:

“Hepatit B və C ilə mübarizə probleminə toxunarkən vurğulamaq lazımdır ki, qeyd olunan istiqamətlərdən birincisi üzrə müasir metodiki səviyyədə aparılan işin uğurlu olmasını bu mübarizənin əsas xüsusiyyəti kimi qəbul etmək lazımdır. Bu istiqamət heç bir qınağa səbəb olmur. İkinci istiqamətə gəlincə, bu iş hələ də qənaətbəxş hesab edilə bilməz və təkmilləşdirilməlidir”.

Murad Məmmədov bildirib ki, ölkədə hepatitə yoluxmuş şəxslərin dəqiq sayı indiyədək məlum deyil, çünki hazırda bizdə yalnız həmin hepatitlərin kəskin formalarının statistikası aparılır: “Bu o deməkdir ki, səhiyyə xidmətinin vəzifələrindən biri xroniki hepatit B və C viruslu xəstələrin qeydiyyat orqanının yaradılmasıdır. Aydındır ki, bu cür qeydiyyatın mövcudluğu bu xəstələrə yardım üçün nəzərdə tutulan maddi resursların planlaşdırılması və ayrılmasını asanlaşdıracaq”.

“İranda qiymətlər ucuz olduğuna görə qardaşım orada müalicə olunur”

Jurnalist Elşad Məmmədli komissiya sədrinin açıqladığı hepatit üzrə faiz göstəricilərinin ağ yalan olduğunu, ölkədə ən azı 20 faiz əhalinin hepatitdən əziyyət çəkdiyini bildirir: “Kimin buna şübhəsi varsa, getsin İranla sərhədə. Orada bir saat olmaq hepatitin müalicəsi üçün İrana gedənlərin 2 faiz yox, 20 faiz olduğunu deməyə kifayət edər”.

Elşad Məmmədli qardaşının hepatitdən əziyyət çəkdiyini bildirərək, onun sağalması üçün bir ilə yaxındır apardıqları mübarizədən danışdı: “Keçən ilin oktyabr ayından qardaşımda hepatit virusunun olduğunu öyrəndik. O, disk yırtığından əməliyyata hazırlaşırdı, analizlər verəndə məlum oldu ki, hepatitə yoluxub. İlkin mərhələdə virusun yoxlanılması üçün analizə 60 manat ödədik. Virusun hansı formasına yoluxmanı öyrənmək üçünsə əlavə olaraq qan analizləri verilməli, qan əkilməlidir. Bu da 500 manata başa gəlir və hər klinikada bu analiz aparılmır. Dövlət xəstəxanalarında isə uzaqbaşı virus aşkar oluna bilər. Nə yoxlanılması, nə də analiz üçün laboratoriya yoxdur.

Ümumi analizlər təxminən 1000 manata başa gəlir və bundan sonra müalicə kursu başlayır. Azərbaycanda hepatitin müalicəsi ilə məşğul olan həkimlər çox azdır. Əslində Dünya Səhiyyə Təşkilatının təsdiqlədiyi bəlli proqram var ki, müalicə kursu ona uyğun aparılır. Proqrama görə, müalicə paketinin müddəti 48 gündür. Bu müalicə kursu ilə birhəftəlik 300 manat, bir ay ərzində isə 1300 manata yaxın vəsait lazımdır. Üstəgəl tez-tez analizlərdən keçmək və digər əlavə xərclər. Hesablayanda məlum olur ki, hepatit C xəstəsinin müalicəsi üçün Azərbaycanda 20 min manat pul tələb olunur.

Məcbur olub qardaşımı İranda müalicə etdirirəm, bura ilə tən yarı qiymətdir. Hepatit C-nin müalicəsində istifadə olunan 120 milliqramlıq Regintron Bakıda 230 manatdır və bundan xəstəyə ayda 4 ədəd vurulur. Cəmi 920 manat edir. İranda isə həmin dərman təxminən 100 manatdır. Təkcə analiz 1000 manata qədər pul tələb edir. Müalicənin gedişatını öyrənmək üçün də bu analizlər iki aydan bir keçilməlidir. İranda isə analiz təxminən 300 manatdır".

“Yoluxucu xəstəlik olduğu üçün çox təhlükəlidir”

Jurnalist bir çox dövlət qurumlarına müraciət etdiyini, probleminə reaksiya verən olmadığını deyir: “Hətta şəxsi əlaqələrim hesabına müraciət etdim ki, vətəndaşınızın müalicəsinə kömək edin, heç cavab vermədilər. Yalnız millət vəkili Qənirə Paşayeva bu problemi parlamentdə qaldırdı, səsləndirdi, vəssalam. Məlum oldu ki, belə xəstələrin sayı o qədər çoxdur ki, artıq müraciətlər də adiləşib. Qardaşım isə bir ildir borc içindədir.

Diş klinikasında tutduğu hepatit C-ni müalicə etdirir. Düşünürəm ki, bu xəstəliklə bağlı hər hansı proqram olarsa, şəkər xəstələrinə insulin pulsuz verildiyi kimi, hepatitlərə də heç olmasa Regintron pulsuz verilər. Amma hazırda onlar üçün nə ixtisaslaşmış xəstəxana, nə də Dövlət Proqramı var. Nəzərə almaq lazımdır ki, hepatit yoluxucu xəstəlik olduğu üçün çox təhlükəlidir".

Elşad Məmmədli ölkədə aparılan müalicələrin effekt vermədiyini də vurğuladı: “Xəstəyə vurulmalı olan Regintron iynəsinin apteklərdə saxlanma qaydalarına riayət olunmur. Həmin iynə +2 -12 dərəcə temperaturda saxlanma şəraitində olmalıdır. Amma görünür, bu qaydalara əməl olunmadığındandır ki, müalicənin də effekti olmur. Bunu İranda olarkən bir neçə nəfər də dedi. Hazırda qardaşım İranda müalicə alır və müsbətə doğru dəyişiklik var. Amma istənilən halda orqanizmdən həmin virusun təmizlənməsi mümkün deyil”.

Hepatit cinsi yolla keçən xəstəlik deyil

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının terapevt-hepatoloqu Könül Mahmudova hepatitlə mübarizədə Dövlət Proqramının olmamasının müalicəni çətinləşdirdiyini deyir: “Düzdür, Səhiyyə Nazirliyi bu istiqamətdə cəhd göstərir və müalicəsi dünyada necə aparılırsa, bizdə də o qayda ilə gedir. Hepatitdən əziyyət çəkənlərin dərmanla təchizatı məsələsi isə hələ də açıq qalır. Proqram olmadığına görə, onların dəqiq sayı da bilinmir. Amma əhalinin sayına görə xəstələrin sayı kifayət qədərdir və bu xəstəliyə yoluxanların sayı getdikcə artmaqdadır.

Ən pisi odur ki, serroz xəstələrinin sayı çoxalıb. Bu o deməkdir ki, hepatitlər vaxtında müalicə olunmadığından və düzgün aparılmayan müalicələr nəticəsində serroza çevrilir. Hazırda dünyada viruslu hepatitlərdən çox serrozlu xəstələrin sayınını artmasına qarşı mübarizə aparılır. Azərbaycanda ən çox hepatit C və B, son zamanlar isə D forması artmağa doğru gedir. Hər birinin sonu serroza gətirib çıxarır. Ancaq düzgün müalicə bunun qarşısını ala bilər".

Könül Mahmudova deyir ki, hepatitə yoluxma hallarının çoxalması boşanmalara da səbəb olub: “Buna görə ailələrin dağılması barədə məlumatımız var. Tərəflərdən birində hepatit aşkarlanan kimi ailədə soyuqluq yaranır, xüsusən gəlinlərə təzyiq edirlər. Bu, düzgün deyil. Yəni hepatit C cinsi yolla, bir mənzildə yaşamaqla digərlərinə keçmir. Yalnız qanla keçə bilər. Əsasən diş fırçalarını, ülgüc, qayçını ayrı qoymaq lazımdır. Bunlar şəxsi gigiyenik əşyalar olduğu üçün xəstəlikdən asılı olmayaraq digərlərinin əşyalarından ayrı saxlanmalıdır”.

Terapevt-hepatoloq virusa yoluxma yerlərinin diş klinikaları, ginekologiya mərkəzləri və gözəllik salonları olduğunu, təsadüfi hallarda isə qanköçürmə zamanı baş verə biləcəyini dedi.

Sevil


Müəllif:

Oxşar xəbərlər