Abel Məhərrəmov rektorluğunun 20 ilinə çatmadı. Cəmi 2 ay dözə bilmədi. Bakı Dövlət Universitetini, xüsusilə onun hüquq fakültəsini və bununla da ölkədə hüquq təhsilini böyrü üstə qoymuş bu adamın necə rektor olması yaxşı yadımdadır.
Teleqraf.com xəbər verir ki, bunu sosial şəbəkədəki hesabında bank məsələləri üzrə ekspert, vəkil Əkrəm Həsənov bildirib.
O, 1998-ci ilin martında BDU-nun rektoru Misir Mərdanovun təhsil naziri təyin olunmasını xatırlayıb:
“Rektorluq uğrunda mübarizə gedirdi. O zaman mən 21 yaşında BDU-nun Tələbə Şurasının, eyni zamanda təhsil naziri yanında Tələbə Şurasının sədri idim. Abel Məhərrəmov da kimya fakültəsinin dekanı idi. Özünü tələbələrin dostu, daha nə bilim nə kimi göstərməyə çalışırdı. Hətta bir dəfə məni yolda görüb maşınına da oturdub apardı. Yolboyu tələbə demokratiyasından dəm vururdu.
Rektor olmaq istədiyini bilirdim. Düşündüm ki, elə bu olsa yaxşıdır, tələbələrə əl tutar. Bununla belə, bəzi mənfi cəhətlərini də bilirdim, bir dəfə hətta sözləşmişdik də. Misir Mərdanova bunu deyəndə ironiya ilə gülümsədi. Misir müəllim prorektor və rektor əvəzi Bəhram Əsgərovun rektor olmasını istəyirdi. Bunu da bilirdim.
Amma üzünə dedim ki, Bəhram müəllimdən rektor olmaz, alim kimi yaxşıdır, amma idarəçi deyil. Hətta 11 yanvar 1999-cu ildə Bəhram Əsgərov mənimlə bir neçə saat söhbət edib, tələbə hüquqlarını qoruyacağını vəd etdi. Söhbət əsnasında Abel Məhərrəmov gəldi və Bəhram müəllimdən bir neçə saatlıq harasa getmək üçün icazə alıb getdi. Həmin gün axşam Abel Məhərrəmovun rektor təyin olunduğu elan edildi. Səhər Misir Mərdanov BDU-ya gəlib yeni rektoru təqdim etdi. Misir müəllimi heç vaxt belə bikef görməmişdim”.
Ə.Həsənov daha sonra yazıb:
“Bir neçə gün sonra isə Abel Məhərrəmovun işçilərlə necə kobud davrandığını görəndə mən bikef oldum. Sanki həmin Abel müəllim deyildi. Rektorluğun iclasında Bəhram müəllimi aşağılayanda isə lap gözümdən düşdü, hətta ona etirazımı da bildirdim.
Sonra isə BDU-da irimiqyaslı təmir işlərinə başladı. Bir dəfə məni çağırıb dedi ki, gedək universiteti gəzək. Gəzdik. Sonda soruşdu ki, görürsən, nələr edirəm, necədir? Cavab verdim ki, “Abel müəllim, forma yaxşıdır, amma məzmun pis gündədir”. Həmin andan aramız tam dəydi. Bir neçə aydan sonra isə universitet təhsilimi bitirib getdim. Mənə elə gəlirdi ki, Abel Məhərrəmov BDU-ya etdiyi pisliyin pik həddindədir. Nə biləydim, hər şey hələ qabaqdadır.
İllər sonra BDU ilə maraqlananda xəbər tuturdum ki, vəziyyət daha da pisləşir. Xüsusilə hüquq fakültəsində. Odur ki, ölkəmizdə hüquq təhsilinin və hüquq elminin (yekunda isə hüquq sisteminin) mövcud problemləri əsas etibarı ilə Abel Məhərrəmovun fəaliyyəti ilə bağlıdır”.