Aktyor Rza Rzayevin Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyməsi günün ən çox müzakirə olunan mövzularındandır. Bəs, hadisə necə baş verib?
Bu barədə Teleqraf.com-a danışan Rza Rzayev bildirib ki, bu mübahisə xeyli vaxt əvvəl başlayıb: “Bir ilə yaxındır ki, bu məsələ davam edir. Məhkəmədə bizim mübahisə aydınlaşıb. Zeynəb müəlliməni işdən çıxartmışdılar, məhkəmə onu yerinə bərpa etdi, 220 nömrəli orta məktəbin direktoru Tural Mirzəliyevi də məktəbdən çıxarıb 175 saylı məktəbə apardılar: “Amma Yeniavaz.com saytında bizə qarşı yazılar dərc olundu. Tural valideynləri öyrətmişdi, onlar da bizim haqqımızda şər–böhtan danışmışdılar. Valideynləri xüsusi ittiham qaydasında məhkəməyə vermişdik. İndiyə qədər 6 məhkəmə prosesi baş tutub. Hər məhkəmə prosesi zamanı Tural həmin o valideynləri maşına yığaraq məhkəmənin qarşısına gəlir. Tanımadığımız adamlar bizə qarşı təhqiredici sözlər işlədirlər. Məsələn Turalın bu günə qədər bizə valideyn kimi təqdim etdiyi adam, bu gün məlum oldu ki, onun qaynıdır.
Dünən yenə saat 3-də məhkəmə vardı. 3-ün yarısında məhkəmənin qarşısında idim, Tural yenə valideynləri yığıb gətirdi. Mən yenə onun şəklini müvafiq orqanlara və məhkəməyə təqdim etmək üçün çəkdim. Çünki bu adam əl çəkmir. Bir ay əvvəl Təhsil Nazirliyinə müraciət etmişdim ki tabeçiliyinizdə olan adam belə işlərlə məşğuldur, siz də məsuliyyət daşıyırsınız. 6 məhkəmə prosesində bu adam iş saatında məhkəmənin qarşısında nə edir? Onun iddiası deyil, biz ona qarşı iddia qaldırmamışıq, şahid kimi məhkəmələrə dəvət olunmur. Bunun valideynlərlə hansı əlaqəsi var ki? Çünki valideynləri öyrətdiyi üçün açıb həqiqəti söyləməsinlər bütün günü onlarladır.
Görür ki, artıq şər, böhtanın üstü açılır, valideynlərə deyir ki, mənim adımı çəkməyin, ona görə gətirib -aparır, yoxsa bu məhkəmədə nə marağı var.
Keçən məhkəmə prosesində də mənim ünvanıma ağır söz işlətdi, dedim ki, burda hələ sənlik bir şey yoxdur, sənlə mənim aramda olan söhbəti sonra edərik. Qoy bu məhkəmə prosesi bitsin, hansı formada istəsən, danışarıq.
Bu məhkəmə prosesində də mən onun o da mənim şəklimi çəkdi. Dedim ki, dalımca adamlar göndərirsən, iş saatında burda nə edirsən? Söyüş söyməyə başladı və yanındakı qaynı da əlini atıb cibindən nəsə çıxarmaq istədi. Onlar iki, mən bir nəfər, qarşılıqlı olaraq bir -birimizi vurduq”.
Aktyor bildirib ki, direktora ağır xəsarət yetirməyib, sadəcə eynəyi alnına dəyib, gedib xəstəxanaya uzanıb ki guya ağır yaralanıb: “Münaqişədən sonra ona aidiyyatı olmadan məhkəmə prosesində olub, hakim onu oradan çıxardıb. Məhkəmədən çıxandan sonra bizi 25- ci polis bölməsinə gətiriblər, 3-4 saat bölmədə qalmışıq. Sonra mənim qohumlarım gəlib bölmənin qarşısında dayanıb. Turalın qaynı bıçağı çıxardıb verib dostuna, ikisi bir yerdə qohumlarımın üstünə hücum çəkiblər, polis onları tərkisilah edib.
Daha sonra da bizi xəstəxanaya apardılar. Mənə də dedilər ki xəstəxanada qal, istəmədim. Mən qolumdan xəsarət almışam, gips qoydular, sınaq ola bilər, yenidən MRT etməliyəm”.
Cəzasını çəkməyə hazır olduğunu deyən Rza Rzayev bildirib ki, direktor ağır söyüş söydü və cavabını aldı: “Azərbaycan kişisi bu söyüşü heç vaxt qəbul etməz, bu məsələlər davam edəcək, çünki onun əvəzi ağırdır. Neçə dəfə söz atdı dözdüm. Amma sonuncu dəfə dözə bilmədim, belə addım atdım”.
Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini öyrənmək istəsək də, Tural Mirzəliyevin telefonunu atası açdı. Onun sözlərinə görə, Tural ciddi həkim nəzarəti altındadır: “Sol gözünün görməsində ciddi problemlər yaranıb. Həkimlər müayinədən sonra Turala kəllə-beyin travması və beyinin silkələnməsi diaqnozu qoyublar. Ağrıları çox olduğundan sakitləşdirici qəbul edir. Hazırda həkim yoxlamasındadır, telefona cavab verə biləcək halda deyil. Həkimlər bildirir ki, xəstə bir neçə gün ciddi həkim nəzarətində saxlanılmalıdır”.