Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ordumuzun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa olunan Pilotsuz Uçuş Aparatları (PUA) Mütəxəssislərinin Təlim-Tədris Mərkəzinin açılışında iştirak ediblər.
Mərkəzin əsas məqsədinin Azərbaycan Ordusunun arsenalındakı müxtəlif növ PUA-lar üzrə yüksək peşəkar kadrların hazırlanması olduğu məruzə edilib. Qeyd olunub ki, tədris mərkəzində quraşdırılan ən müasir avadanlıq və trenajorlar, həmçinin keçirilən nəzəri və praktiki məşqlər tədris prosesinin yüksək keyfiyyətlə aparılmasına, müxtəlif əməliyyat, taktiki və meteoroloji şəraitdə PUA-ların funksional sistemlərinin təmin edilməsi və PUA heyətlərinin döyüş tapşırıqlarının vaxtında və yüksək dəqiqliklə yerinə yetirilməsi vərdişlərinin təkmilləşdirməsinə imkan verir. Bildirilib ki, mərkəz elmi-texniki işin aparılmasını, bu istiqamətdə qabaqcıl təcrübələrin öyrənilməsini və yeni PUA sistemlərinin sınaq yoxlamalarının keçirilməsini də təmin edir.
Müdafiə Nazirliyinin rəhbərliyi mərkəzin mühəndislər, operator-pilotlar, uçuşların təhlili, simulyator, eləcə də digər xidməti və inzibati otaqları ilə tanış olub.
Mərkəzin anqarında saxlanılan, yerli istehsal olan müxtəlif təyinatlı PUA-lara və ərazidə quraşdırılmış çoxməqsədli stansiyaya baxış keçirən müdafiə nazirinə onların taktiki-texniki xassələri və tətbiqi imkanları barədə məruzə edilib.
Sonra müdafiə naziri mərkəzin maddi-texniki və tədris bazasının genişləndirilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.