Azərbaycana idxal olunan ət xüsusi sənaye təyinatlıdır, emal sənayesi və turizm qida sənayesi üçün nəzərdə tutulub.
Bunu Teleqraf.com-a Azərbaycanda illik ət idxalının artmasına münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə deyib.
O bildirib ki, əhali yerli fermerlər tərəfindən istehsal olunan əti istehlak edirlər, amma sənaye müəssisələri, o cümlədən turizm sənayemizin fəaliyyəti əsasən idxal olunan ət üzərində durur: “Həmin sahəyə ət idxalında, eləcə də kolbasa-sosiska sənayesində 6-7, turizm sənayesində 7 faiz artım var. Tələbata uyğun olaraq əsasən dondurulmuş ət idxalında cüzi artım müşahidə olunur”.
Firdovsi Fikrətzadə hesab edir ki, bu artıma fokuslanmaq lazım deyil: “Çünki son 10 ildə ortalama hər il eyni həcmdə dondurulmuş ət idxalı həyata keçirilir. Yəni qeyd olunan ət idxalı emal sənayesinin tələbatına uyğun olaraq stabil şəkildə ölkəyə gətirilən ətin həcmdir, xüsusi bir artım yoxdur.
Yerli əhalinin tələbatı isə birmənalı olaraq fermerlərimizin hesabına ödənilir”.
Qeyd edək ki, Report-un verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə ət idxalı dəyər ifadəsində 9,5%, miqdar ifadəsində isə 16,3% artıb.