11 İyun 2019 11:57
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sosial şəbəkələrdəki səhifələrə diqqət yetirin, bütün “qumcuqlar”, əksər “şahçılar”, “xürrəmçilər” həm də qaloşun qatı müdafiəçiləri kimi özlərindən çıxıblar. Şəklimi paylaşıb, “bizim qaloşumuza toxunma” deyirlər. Bu həm də “bizim ənənvi İslam inancımızın bir simvolikasıdır” deyirlər. Bu ölkəyə bir peyğəmbər gəlməyib, bir imam gəlməyib, ancaq nədənsə hamısının qohum-əqrabası öz doğulduqları yerdə deyil, bizdə zühur ediblər. Baş olanda ya bu başın üstünə papaq, ya da içinə bilgi axtarırsan. Baş olmayanda isə mövcudluğu sadəcə yeriməkdən ibarət olanlar təyinatı ayaq üçün olan qaloşu bomboş başın doldurulmasında nicat vasitəsi kimi görürlər”.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, qaloş- başı olmayanların simvoludur:

“Bu yalnız bizdə deyil ki, xaraba qalmış Şərqin qumsallıqlarında da əsrlərdir belədir. Bu sonuncü üzüqara qaloş elə- belə yerdən çıxmayıb e, bizim şanlı mollaxana- mərsiyəxana tariximizdən gəlir. Məhz bu qaloşun ucbatından ilk milli dərsliyimiz olan “Vətən dili” dərsliyini o mərsiyəxandan, o əzadardan, o cinçıxarandan, o pir daşına baş sürtənlərdən, o zəncir aşiqlərindən kimsə yazmadı.

İlk dərsliyimizi, “Vətən dili”mizi rus əsilli fiziki şikəstliyi olan Aleksandr Osipoviç Çernyayevski yazdı və Qori Müəllimlər seminariyasında bizim əsrlərdir davam edən mənəvi şikəstliyimizə bu dərsliklə meydan oxudu. Bu gün yenə də qaloşun arxasındakı həmin zümrə Azərbaycanın mənəvi şikəstliyi üçün gündəlik həyatımızdan tutmuş sosial şəbəkələrə qədər öz viruslarını yaymağa davam edirlər. Bu dəfə o qəhrəman Çernyayevski yoxdur, kim yazacaq “Vətən dili” dərsliyimizi?”.

Fazil Mustafa qeyd edib ki, bu qaloş simvolik anlamda vətənimizin mənəvi çöküşünün ən ciddi əlamətlərindən biridir:

“Dərslik yaza bilməsək də cəhalətə, xurafata, nadanlığa qarşı vətən dilində dirənişimiz ortaya qoymalıyıq. Başı təyinatı üzrə işlətməyən bir xalqın başına əxlaq, elm, iman yerinə bundan sonra da üfunət verən müqəddəs qaloş yerləşdirəcəklər. Müqəddəs yer boş qalmır məsəli”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər