Binəqədidə avtoxuliqanlıq hərəkətlərini çəkərək sosial şəbəkələrdə yayan sürücü inzibati qaydada həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.
Belə ki, Abşeron rayon sakini Bayramov Feyzi Salman oğlu idarə etdiyi 90 UF 314 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobillə rayon ərazisində avtoxiliqanlıq etdiyi üçün o, saxlanılaraq barəsində Polis Şöbəsində inzibati protokol tərtib edilib və toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə təqdim edilib.
Məhkəmənin qərarına əsasən Feyzi Bayramov İnzibati Xətalar Məcəlləsinin 511.1 (avtoxuliqanlıq) və 342.2.3-cü (nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə) maddələrinə əsasən 20 gün müddətinə inzibati həbs edilib və 1 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunub.
Qeyd edək ki, Feyzi Bayramov şəhər ərazisində mütəmadi olaraq avtoxuliqanlıq edərək etdiyi hərəkətləri videogörüntüyə alıb və müxtəlif sosial şəbəkələrdə yerləşdirib özünə məxsus profillərdə paylaşıb.