20 Sentyabr 2014 12:14
1 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 18-də Prezident yanında Bilik Fondunun keçirdiyi tədbirdə fondun icraçı direktoru Oqtay Səmədov bildirib ki, Azərbaycanda məscidlərdə kitabxanalar yaradılacaq.

Onun sözlərinə görə, məscidlərə tək ibadət yeri kimi yanaşmaq düzgün deyil: “Bununla bağlı Bilik Fondu öz üzərinə düşən müvafiq işləri yerinə yetirir. Bu işdə mətbuat da bizə dəstək olmalıdır”.

İcraçı direktor qeyd edib ki, bu gün məscid təkcə ibadət yeri deyil, həm də əhalinin, dindarların, Allaha sitayiş edənlərin tarixi kitablarla yaxından tanış ola biləcəyi məkan olmalıdır: “Biz məscidlərdə kitabxana yaratmaq istəyirik. Xristian ölkələrində bu praktika mövcuddur”.

Məscidlərdə kitabxanaların yaradılması necə qiymətləndirilir? Bu, məscidlərə gələn insanlar tərəfindən necə qarşılanacaq?

Gözləmək olmaz ki...

Millət vəkili Nizami Cəfərov bildirdi ki, Bilik fondunun həyata keçirmək istədiyi bu layihəni müsbət qiymətləndirir: “XX əsrin əvvəllərində Azərbaycanda kitabxanaya gedənlər çox idi. Buna görə də kitabxanalarda qiraətxanalar yaradılırdı və təbliğ olunurdu. İndi kitabxanaya üz tutanlar az olsa da, onların kitaba ehtiyacı varsa, kitabxanalar yaradılmalıdır. Yəni, gözləmək olmaz ki, kitab həvəskarları yığılsın, ondan sonra kitabxanalar yaradılsın”.

Xarakterə uyğun kitab

Nizami Cəfərov qeyd etdi ki, insanların axtarıb əldə edə bilmədiyi kitabları məscidlərdə yerləşdirmək vacibdir: “Məscidlərdə kitabxanaların yaradılması üçün vəsait, dəstək lazımdır. Digər tərəfdən, universitet tələbələrini də bu kitabxanalara cəlb etmək müsbət nəticə verə bilər. Heç də hər yerdə tapılan kitabları yaradılacaq kitabxanaya yerləşdirmək lazım deyil. Hesab edirəm ki, insanların axtarıb tapa bilmədikləri kitabları buraya yerləşdirmək daha düzgün olardı”.

Millət vəkili dünya ölkələrində də bu praktikanın olduğunu vurğuladı: “Kitabxanalar barədə Azərbaycan Yazıçıları Birliyində də müzakirələr aparılıb. Orada bildirilib ki, hər bir oxucunun öz xarakterinə uyğun kitablar olmalıdır ki, oxucular da davamlı kitabxanalara üz tutsunlar. Çünki dünya təcrübəsində də belə praktika mövcuddur”.

“Məsciddə kitablar var”

Bakıxanov qəsəbəsində yerləşən İmam Rza məscidinin axundu Mirhəmid Məmmədovun sözlərinə görə, məscidlərimizdə dini kitablar var. O deyib ki, buraya tarixi kitabların əlavə edilməsi də müsbət hal kimi qiymətləndirilməlidir: “Hazırda hansı məscidə girsəniz, orada böyük miqdarda olmasa da, dini kitabların olduğunu görərsiniz. Məhz məscidlərə gələn insanlar bu kitablardan geniş istifadə edirlər. Sadəcə olaraq, indi nəzarəti, diqqəti artırmaq lazımdır. Məscidə gələnləri maarifləndirmək üçün dini kitablarla yanaşı, elmi, tarixi kitabların olması müsbət haldır. Çünki hara olmasından asılı olmayaraq, orada insanları maarifləndirməyə cəhd varsa, bu, sadəcə, alqışlanmalıdır”.

Yalnız dini deyil...

Axund bildirdi ki, dindarlar dini bilməklə yanaşı, tarixi kitablardan da xəbərdar olmalıdır: “Dindar yalnız dini deyil, eyni zamanda, tarixi də bilməlidir. Dinin əksinə olmayan hər bir şeyi insan oxuyarsa, o, müsbət hal sayıla bilər. Böyük bir toplum məcidə toplaşır və məsciddə əlinin altında dini, elmi kitab olsa və o insanlar bundan faydalansa, daha yaxşı olar. Çünki dünyanın bir çox yerlərində məscidlərdə kitabxanalar var”.

Elm, mədəniyyət mərkəzi

Dini ekspert Hacı Şahin Həsənlinin sözlərinə görə, məscidlər təkcə ibadət yeri olmamalı, elm, mədəniyyət mərkəzinə çevrilməlidir: “Məscidlərdə kitabxanaların yaradılması təşkil olunarsa, bu, inanclı insanların intellektual səviyyəsinin yüksəlməsinə şərait yaradacaq. Çünki bir çox inanclı insan var ki, onların maariflənməsinə böyük ehtiyac var. Və inanclı şəxslər məscidlərdə bu işi sevə-sevə həyata keçirirlər. Digər tərəfdən, məscidə gələn əhalinin asudə vaxtını səmərəli keçirməsi, müxtəlif mövzulu kitabların dindarlara təqdim edilməsi müsbət haldır. Hesab edirəm ki, məscidlərdə kitabxanaların yaradılması ilə yanaşı, elmin müxtəlif sahələrindən mütəxəssislərin mühazirələrə, seminarlara cəlb edilməsini də təklif etmək olar.

Radikal birləşmələr

Ekspert bildirdi ki, məscidlərdə kitabxanaların yaradılması radikal birləşmələrin qarşısını alacaq: “Elm, intellekt olan yerdə radikallığa ehtiyac qalmır. Çünki radikallıq primitiv düşüncələrdən, savadsızlıqdan qaynaqlanır. Məscidlərdə kitabxanaların yaradılması elmin daha da yüksəlməsinə kömək etməklə bərabər, radikal birləşmələri ibadət məkanlarından uzaqlaşdıracaq. Statistik rəqəmlər onu göstərir ki, dindarlar arasında bu gün kitab oxumağa maraq artıb. Yəni insanlar arasında dini, tarixi mövzuda kitab oxuyanlar kifayət qədərdir”.

İbadət etməklə heç nə həll olunmur

Hacı Şahin qeyd etdi ki, Məscidlərdə də kitabxanaların təşkil olunması, eləcə də, xütbələrdə gənclərin buna təşviq olunması çox müsbət nəticələr verəcək: “Gənclərə izah olunmalıdır ki, elm öyrənmək bir insanın Allah qarşısında böyük ibadətidir. İslamın ilk dövrlərində də peyğəmbərimiz tərəfindən belə bir məsələ qoyulmuşdu ki, məscidlərdə gənclərə təhsil verilsin. O dövrdə hətta müsəlmana elm öyrədən əsirlikdən azad olunurdu. Azərbaycanda digər müsəlman ölkələrinə nisbətən elm daha çox inkişaf edib. Zənnimcə, məscidlərdə kitabxanaların yaradılması insanlarımızın intelektual səviyyəsini daha da artıracaq. Dindar insan anlamalıdır ki, yalnız ibadət etməklə heç nə alınmır. Boş vaxt keçirməkdənsə elmə yiyələnmək daha yaxşıdır”.

İlhamə Əbülfət

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər