Filosof Artur Şopenhauer alman fəlsəfəsinin ilk simalarından biridir. Dünyanın anlaşılmaz, cəfəng prinsiplər üzərində qurulduğunu deyərək, diqqətləri öz üzərinə çəkib. Habelə Fridrix Nitsşenin ilk düşüncə müəllimidir.
Teleqraf.com alman filosof Artur Şopenhauer haqda yazını təqdim edir.
Həyatı bir iztirab kimi qəbul edən filosofun yaşadıqları fəlsəfəsinə təsir etmişdi. Atası tacir Henrix Floris, anası ədəbiyyatçı Henritta Troznerdir. Atası onu gələcək varisi kimi görür, bu məqsədlə səyahətlərə onu da aparırdı. Ticarət məktəbinə gedən Artur 1805-ci ildə bu sahədə işə başlayır, lakin həmin il atasının ölümü həyatını kökündən dəyişir. Anası ticarəti buraxıb elm dünyasına yönəlməsini istəyir. Ticarətlə arası o qədər də yaxşı olmayan Artur məktəbdə təhsil almağa başlayır. Lakin müəllimini sərt tənqid etdiyi üçün ordan ayrılır. Universitetə Tibb fakültəsinə daxil olur. Yena Universitetində fəlsəfə üzrə doktorantura dərəcəsi alır.
Hegelə dedikləri
Anasının açdığı iclas salonunda dövrünün bir çox filosof və ədəbiyyat adamları ilə fikir mübadiləsi aparır. İohan Volfqanq Göte də bunlardan biri idi. O illərdə Şərq elmi ilə maraqlanır, habelə Şərq mistikası və panteizmini araşdırır, Nyutonu tənqid edir. Berlin Universitetində dərs verməyə başlayır. Eyni fakültədə müəllim olan Hegel haqda bunları deyir:
“Əsərlərinin dörddə üçü saf cəfəngiyyatdır, dörddə biri də paradoks”.
Dərs saatlarını Hegellə eyni vaxta salır, tələbələrin iki seçimdən biri kimi ona üstünlük verəcəyini düşünür, amma yanılır. Dərslərə kimsənin qatılmadığını gördükdən sonra səyahətə çıxır, tərcüməçilik və redaktorluq etməyə çalışır. Nəşriyyatlar maraq göstərməməsinə baxmayaraq, öz düşüncələrini və əlyazmalarını, habelə özünü dəstəkləyən hər kəsi, olayı qeydə alıb saxlayır.
“Alman fəlsəfəsində bütləri qırdı”, kimi ifadələrlə ara-sıra təriflər də alırdı. Amma həyatının son illərində məşhur bir filosof idi. Özünün də dediyi kimi, insan düşmənidir, yeganə dostu da köpəyidir.
Şopenhauer heç nəyə inanmayan şübhəçi biri idi. İçində yaşadığı mühitin ona pislik edəcəyini düşünürdü.
“Xoşbəxt olmaq asan deyil, bunu özünüzdə tapmaq çox çətindir, başqa bir yerdə tapmaq isə mümkün deyil”.
Şopenhauer səs-küy və gurultuya nifrət edirdi. Ona görə, insanların əksəriyyəti alçaldılmağa layiqdir. Buna görə insanlardan uzaq dayanır, eqoist bir həyat yaşayırdı. Başqalarına fəlsəfə dünyasından əl çəkməyi, təbii itki və şüuraltından uzaqlaşmağı tövsiyə edirdi.
“Yaxşılıq, dinlərdə olduğu kimi fəlsəfədə də, həqiqətlərin yerini tutmuş fundamental bir aldanmadır”.
Şopenhauer demək olar, yeni buddist düşüncə və əzablı bir həyatı dəstəkləyirdi. Yaşamaq forması məsələsində onu tənqid edənlərə “Bir əxlaqçının sadəcə özünün sahib olduğu xüsusiyyətləri örnək göstərməsi axmaqlıqdır”, demişdi.
“Bir əxlaqi duyğunu müzakirə edək - təməlləri olmayan, sadəcə nəsihət kimi qulaqlarımızı doldurduğu üçün mövcud olan. Bax, belə bir duyğunun təsirinin diqqətəlayiq olmasını gözləməməliyik”.
Şopenhauer dünyanı səfalət və iztirab dolu bir yer kimi görürdü. İçində yaşanılan dünyanın ən pis dünya olduğu fikrində idi.
“İnsanın mövcudluğu bir xəta olmalıdır. İnsanın mövcudluğu ilə bağlı bunları demək olar, bu gün pisdir, sabah da pis olacaq, ən pisi olana qədər davam edəcək”.
Şopenhauer səlahiyyətlərdən maraqlar üçün istifadə edilməsinə etiraz edirdi. Xristian əxlaqını, kilsənin maraqlarını qoruyan mövqeyi rədd edirdi.
“Məlumdur ki, kimsə insanın ciddi şəkildə fəlsəfəyə yaxınlaşa biləcəyini ağlından keçirməyib, xüsusən də filosoflar; Xristianlığa papadan daha az inanan kimsənin olmadığı kimi”.
Şopenhauer həyatın bir məqsədinin olduğunu və bu məqsəd çərçivəsində inkişaf etdiyi fikrini axmaqlıq hesab edirdi.
“Ən böyük müdriklik bu andan zövq almağı həyatın məqsədinə çevirməkdir, çünki yeganə həqiqət budur, qalan hər şey düşüncə oyunudur. Amma bunun ən böyük axmaqlığımız olduğunu da deyə bilərik, çünki yalnız qısa bir müddət üçün mövcud olan, bir yuxu kimi yoxa çıxan içində olduğumuz bu an heç vaxt ciddi bir səyə dəyməz”.
Şopenhauerə görə, dünya illüziyadır, onun arxasında mütləq dəyişməz, sonsuz və sərhədsiz istəklər var.
“Çox bədbəxt olmamağın ən etibarlı yolu, çox xoşbəxt olmağı arzulamamaqdır”.
Məyusluqlarla dolu həyat…
“Ən böyük zövqümüz təqdir edilməkdir, amma səbəb nədirsə, bizi təqdir edənlər təqdirlərini bildirməkdə o qədər də həvəsli deyillər. Demək, ən xoşbəxt insan hansı yolla olur-olsun öz-özünü qəlbən təqdir etməyi bacara biləndir”.
Həzz və ehtirasların köləsi…
“Özümüzə kifayət etmək, qısacası özümüz olmaq, şübhəsiz xoşbəxtliyimiz üçün ən yararlı xüsusiyyət deməkdir”.
Şopenhauerə görə, mövcud dünya bir nemət deyil, düşüncələrdən əmələ gəlmiş illüziyadır.
“Yalnızlığı sevməyən azadlığı da sevə bilməz, çünki insan ancaq yalnız olanda azaddır”.
İntellektualların ölkəsində…
“Qeyri-adi beyinə sahib olanlar kiçik beyinlilərin hər şeyi silib-süpürən iradələrinə görə hərəkət etsəydilər, məqsədlərinə çatıb öz mövcudluqlarını uzun müddət qoruyub əsərlər yarada bilərdilər?”.
Bu üstünlüyü müşayiət edən bir narahatlıq isə təbiətdəki zəka səviyyəsində əzab çəkmə qabiliyyətinin artması, yəni dünya ilə iradə arasında qarşıdurmanın baş verdiyi səviyyəyə çatması deməkdir.
“Səhifələri arasında göz yaşları, ağlama səsləri, dişlərin bir-birinə çırpılması, qarşılıqlı öldürmənin qorxunc gutultusu olmayan fəlsəfə fəlsəfə deyil”.
İradənin önündəki insan…
“Hər insan bir həyati faciənin xüsusiyyətlərini sərgiləyir, biz qayda olaraq həyatın məyusluqlarla dolu ümidlərdən, boşa çıxmış əməllərdən, suya düşmüş layihələrdən, çox gec dərk edilən səhvlərdən başqa bir şey olmadığını başa düşürük”.
Yeni bir səy, yeni bir başlanğıc nöqtəsi…
“Evlilik, iki nəfərin biri-birini iyrənc bir nəsnəyə çevrilməsini təmin etmək üçün mümkün olan hər şeyi etməsidir”.
Xoşbəxt olmaq arzusu…
“Hər şeydən əvvəl heç bir insan xoşbəxt deyil, insanlar ölənədək xəyali bir xoşbəxtlik arxasınca qaçır, onu nadir hallarda ələ keçirir, ələ keçirsə də, geridə yanılmaqdan, məyusluqdan başqa heç nə qalmayacaq. Sonda bütün ümidləri suya düşəcək, limana dağılmış halda girəcək. Buna görə də hər an dəyişən, indidən ibarət olan, indi başa çatan bir həyatda xoşbəxtlik və bədbəxtliyin fərqi yoxdur”.
Ağrılı həyatlar…
“Həyat verdiyi vədi yerinə yetirmir. Yetirsə belə, bunu özlədiyimiz şeyin özlənilməyə dəyər olmadığını göstərmək üçün edir. Bizi bəzən ümid, bəzən də ümid etdiyimiz şey aldadır. Bir əli ilə verdiyini digər əli ilə alır. Uzaqlığın cazibəsi bizə hər şeyi cənnət kimi təqdim edir. Amma bu təsirə düşər-düşməz cazibə yox olub gedir. Demək, xoşbəxtlik günəşli tarlanın üzərində dolaşan kiçik buluda bənzəyir, önü-arxası parıltılı bu buludun tarlaya yalnız kölgəsi düşür”.
Pisliklərin mənbəyi ...
“Bir böcəyin özəl bir çiçəyi və ya meyvəni və ya peyini və ya əti, ya da at milçəyinin öz yumurtalarını başqa yerə yox, sadəcə ora qoymaq üçün bir başqa böcəyin sürfəsini axtararkən xərclədiyi səy və onları qorumaq üçün nə zəhmət, nə də təhlükədən çəkinmədiyi, bir insanın öz cinsi ehtiyaclarını ödəmək üçün xüsusiyyətləri özünə cazibədar olan bir insanı seçərkən göstərdiyi səyə bənzədiyi açıq formada məlumdur".
Əsarətdəki heyvanlar…
“Heyvanlar və insanların eyni maddə və tozu paylaşdığına dair son dərəcə sadə və mühakimə olunmaz gerçək, insanların zehniyyətində yer aldığı vaxt heyvanların həqiqi haqları olacaq və canları rəzil bir sərsərinin ruh halı və vicdansızlığına bağlı olmayacaq. Ancaq o zaman şarlatan həkimlər saysız heyvan üzərində “təcrübə” adı altında ən qəddar işgəncələr, qəribə və şüursuz arzularını həyata keçirə bilməyəcək”.