29 Sentyabr 2014 10:11
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 25-də Belçikanın paytaxtı Brüseldə Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan-Belçika Biznes Forumu keçirilib. Forumun mövzusu kənd təsərrüfatı, ətraf mühit və tikinti məsələlərinə həsr olunub.

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Layihələrin İdarə edilməsi və İctimaiyətlə Əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov çıxış edərək forum iştirakçılarını ASC-in fəaliyyəti ilə tanış edib. O. Məmmədov Azərbaycanda tullantıların idarə edilməsi və Abşeron göllərinin bərpası mövzusunda təqdimat nümayiş etdirib.

Cəmiyyətin şöbə müdiri Azərbaycanda dövlətin dəstəyi ilə “Təmiz Şəhər” ASC-in tullantıların idarə edilməsi sahəsində gördüyü işlərdən bəhs edib. Bildirib ki, Bakıda inşa olunan Tullantıların Çeşidlənməsi və Tullantıların yandırılması zavodları ekologiyanın qorunmasında böyük rol oynayır və həmçinin icrası həyata keçirilən Balaxanı Sənaye Parkının fəaliyyəti ölkə iqtisadiyyatına da fayda verəcək. Oqtay Məmmədov bu mövzuda iştirakçıların ünvanladığı maraq dolu sualları cavablayıb.

ASC nümayəndəsi göllərin və onun ətrafında təmizlik və bərpası mövzusunda isə bildirib ki, Azərbaycanda Abşeron yarımadasında yerləşən 9 gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə ciddi işlər görülür. İqtisadiyyat və Sənaye Nazirliyi həmin göllərdə kompleks bərpa işlərinin aparılmasınını “Təmiz Şəhər” ASC-ə tapşırıb.

Əvvəlcə göllərin ekoloji vəziyyəti araşdırılıb, təhlil olunub və daha sonra kompleks bərpa planları hazırlanıb. İlk aktiv işlərə yarımadanın ən böyük və ən çirkli gölü olan Böyükşor gölündə başlanılıb. Oqtay Məmmədov bildirib ki, Böyükşor gölünün bərpasının birinci mərhələsi 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarınadək yekunlaşdırılacaq. ASC-in şöbə müdiri bu göldə layihə başlamazdan əvvəlki və hazırkı vəziyyəti forum iştirakçılarına nümayiş etdirib və əldə olunmuş nəticələr hər kəsdə böyük marağa səbəb olub. Azərbaycanda bu cür mürəkkəb ekoloji problemlərin həll edilməsi müsbət qarşılanıb.

“Təmiz Şəhər” ASC-in nümayəndəsi bildirib ki, bu cür nəhəng layihələrin icrası Azərbaycanın güclü iqtisadiyyatı, düzgün siyasəti və güclü iradəsinin nəticəsidir.

Ayxan


Müəllif:

Oxşar xəbərlər