Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı yazıçı Pərviz Cəbrayıldır.
Onunla müsahibəni təqdim edirik.
- Sənətin böyüməsi və nəzərə çarpan bir yüksəklikdə durması üçün əsas qida nədir? Məsələn, Frederik Amel deyirdi ki, sənət azadlığın döşlərindən süd əmdikcə böyüyür.
- Təxəyyüllə gerçəkliyin sərhədinə dayanan istənilən sənət, xüsusən də ədəbiyyat çox spesifik sahədir. Söhbət təxəyyüldən gedirsə, demək ki, həm də azadlıqdan gedir. Xəyallar necə azad olmaya bilər? Bunun mümkünlüyünü təsəvvür etmirəm.
Ancaq onun da hüdudları hər kəsdə ayrı-ayrıdır – kimində göz gördüyü məsafədə, kimində əngindir, sonsuza qədər uzana bilər. Ancaq söhbət bizim bildiyimiz “dərk olunmuş zərurət” olan azadlıqdan gedirsə, əlbəttə, onun da sənəntin əlli-qollu olmasında böyük rolu var, ancaq təkcə azadlıq sənətin yüksəlişini müəyyən edə bilməz və ya azadlıq bayağı şəkildə elə bir həddə çata bilər ki, orada bədiyyatdan əsər-əlamət qalmaz. Əsas məsələ təfəkkürün azad olmasıdır, dünyadan yazarkən dünyanın özündən xilas ola, qurtula bilməkdir. Azadlığın özündən bəhs edərkən belə azadlığın köləsi olmamaqdır ədəbiyyat, sənət.
- Taleyini müəyyən edəcək güc insanın özüdür, ya…? Məsələn, İbn Xalduna görə, coğrafiya taledir.
- Coğrafiyanın tale olması fikrində də həqiqət payı az deyil. Məsələn, adam bəzən hər şeydən bezəndə deyir: “İlahi, niyə mən Azərbaycanda dünyaya gəldim?”, yaxud Uqandada və s. Yəni mən Almaniyada doğulsaydım, daha ayrı taleyim olardı. Ancaq tale təkcə yaxşı yaşamaqdırmı? Ona qalsa, eyni coğrafiyada doğulan Məhərrəm çox gözəl, kah-kaşanlı, dəbdəbəli ömür yaşayır, Məmmədnəsirsə, sürünür. Necə olur eyni coğrafiya ona gözəl tale verdi, bu birinə acı? Demək, coğrafiya qlobal mənada hansısa teledir, fərdi yox. Məsələn, Azərbaycanın Ermənistanla, Rusiya, İranla sərhəddə yerləşməsi onun taleyidir, o tale onun insanlarının da həyatında iz buraxır. Ancaq fərdi taleyə gələndə ən kiçik detallara belə getsək, yaşadığımız bir sevgi ən gözəl coğrafiyada da eyni cür faciəli ola bilər, ən bədbəx məkanda da.
Məsələn, Qeys Ərəbistanda Məcnundur, İgiltərədə Romeo, qız birində Leylidir, birində Cülyetta. Ayrı-ayrı coğrafiyaların hər ikisində kral da ola bilərsən, dilənçi də və ya orda da qayadan düşüb ölə bilərsən, burda da. Məsələ insanın özündə, öz coğrafiyasındadır. Bir coğrafiyada o azaddır, azad dövlət yaradır, birində kölədir, köləlik dövləti yaradır və onun taleyini yaşayır. Ancaq bütün dünyada götürsək, insanın özünü tale kimi düşünsək, mənə görə, əlbəttə o, hansısa bir nizama tabedir və bu mənada hə, coğrafiya, yəni qlobal, ümumkainat coğrafiyası onun taleyinə heç şübhəsiz təsir edir.
- Niyə ölülərə dirilərdən daha çox hörmət edirik? Bu, təkcə inancla bağlı olmamalıdır.
- Mən hörməti heç vaxt inanca bağlamadığıma görə burada heç bir əlaqə görmürəm. Ancaq istənilən itki müəyyən nisgil yaradır, bir az ekzotikləşir, öz təhlükəsizliyi ilə bizi zərərsizləşdirmiş olur. Öz bitmişliyi ilə bizi arxayın salır, öz zərərsizliyi ilə istənilən şey, əşya, varlıq özünə hörmət doğurur. Ancaq mən tam olaraq onunla da razı deyiləm ki, biz ölülərə həmişə dirilərdən daha çox hörmət qoyuruq. Mütləq olaraq elə deyil.
- Şopenhauerin belə bir fikri vardı, xoşbəxt olmaq asan deyil, bunu özünüzdə tapmaq çox çətindir, başqa bir yerdə tapmaq isə mümkün deyil. Belədirsə, bəs nə etməli? Məsələn, sanki texnologiya və ya sosial şəbəkələr dövründə insanların xoşbəxtlikləri bir qədər də əllərindən alındı.
- Zənnimcə, Şopenhauerin fikri çox qarışıq və çox fikirdir. Bütün hallar kimi xoşbəxtlik də nisbidir. Kimini xoşbəxt edən şey kimini də bədbəxt edər və ya ona çox gülməli gələr. Məsələn, mən desəm ki, ən çox əl və ayaq dırnaqlarımı tutanda xoşbəxt oluram, bu, kimisə güldürər, kiməsə əllaməçilik kimi görünər, kiməsə də çox doğma görünə bilər.
Texnologiyaların da insanı xoşbəxt etməsi fikriylə hec çür razılaşa bilmərəm. Texnologiya bizim işimizi asanlaşdıra bilər, amma içimizin daimi halını müəyyən edə bilməz. Texnologiya zamana qənaətdir, ancaq zamanın bizə qalan artıq payının heç də bizə xoşbəxtlik gətirməsi deyil. Əlimizdə olan sosial şəbəkələrdəki qələbəlik insan tənhalığının nəticəsidir, o sosial şəbəkələr elə tənhalığın nəticəsi kimi də meydana çıxıb (sonradan qlobal nəzarət və manipulyasiya alətinə çevrilməsi də bir ayrı söhbətdir), ancaq əvəzində münasibətləri, əlaqələri qloballaşdırmaqla bizi daha da tənhalaşdırdı, informasiyanı bizimçün daha əlçatan elədi, ancaq bizi onun bolluğunda boğub qəribə bir məxluqa çevirdi. Bəlkə də bir mutasiya getdi ruhumuzda. Mən sosial şəbəkələr haqda siyasi cəfəngiyyatları bir yana ataraq düşünürəm ki, sosial şəbəkələr olmasa, insanlar daha çox özünə, öz fikrinə qayıda bilər, daha çox sosiallaşa bilərdi. Məlum olur ki, bolluğuna düşdüyümüz bu informasiya sən demə, bizə heç nə vermirmiş.
Fikir verəndə anlayırsan ki, bizim səhərdən axşama işimiz sosial şəbəkələrdə onun bunun ağıllı, sərsəm, bayağı, murdar, seksual, sosial, asosial fikirləni oxumaqdan, daha doğrusu, izləməkdən, gözləməkdən, hətta güdməkdən və onlara qaş tərpətməkdən, bəzən düşmən olub, bəzən qahmar çıxmaqdan, bəzən də öz fikirlərimizi soxuşdurmaqdan ibarətdir.
Baxırsan ki, paho, biz artıq varlığı qeybətcil, dedi-qodu sevən, onun-bunun həyatına göz qoymaqdan, burun soxmaqdan, kimlərəsə qəmiş olmaqdan ibarət qoca qarılara çevrilmişik. Bəs nə vaxt düşünməli, kitab oxumalı və yaxud məsələn, kitab yazmalıyıq? Bilmirəm. Bu gediş çox pis gedişdir, sanki zombiyə çevrilirik. Mənəvi baxımdan yanaşanda sosial şəbəkələr ən atipik koronavirusdan da qorxulu pandemiyadır, bunun heç bir vaksini də yoxdur və bundan sonra heç vaxt da olmayacaq, çünki onu heç axtaran da yoxdur.
- Əldə edə bilməyəcəyi halda niyə insan həmişə mükəmməl olmaq üçün çalışır? Buna görə özünü didir, dağıdır…
- Hə, bax, şükür ki, bu çalışmaq, bu axtarışlar, bu cəhdlər var. Bunlar bizi müəkəmməlləşdirmir, ancaq heç olmasa, olduğumuz yerdə saxlaya bilir. Özümüzü bu didib-tökməklə, dağıtmaqla mükəmməlliyə nail ola bilmirik, ancaq ibtidailəşməkdən də xilas oluruq. Ona görə də bu cəhdimizdən heç vaxt əl çəkməməliyik...