6 May 2020 09:05
99 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı şair Elnaz Eyvazdır.

Onunla müsahibəni təqdim edirik.

- Marsel Prust yazırdı ki, düşünmək çox vaxt insanı üzür. Bunun niyə belə olması haqda fikriniz nədir? Əslində, düşünə bilən insan çarə də tapa bilər.

- Üzür, təbii. Düşünə bilən insan, eyni zamanda, düşüncəli insandır. Hər düşünən düşüncəli olmur ki. Düşüncəli olduqca, hər şeyin fikrini içinə atdıqca üzülürsən, təbii ki. Təəssüf ki, insan hər zaman çarə tapa bilmir. Çox vaxt çarəsiz olduğun üçün daha çox düşünürsən. Hətta bəzən çarəsizliyin səni sakitləşdirir, əlindən bir şey gəlmədiyi məqamda sustalırsan.

- Bir insan ömrü ona həyatı anlamaq üçün bəs edirmi?

- Yox təbii. İnsan ömrü nə qədərdir ki?! Məktəbdə oxuyanda deyirdim ki, qırx yaşıma qədər nələr etmərəm, qırxca il bəsimdir. Amma indi düşünürəm ki, nə etmişəm? Nələri etmədim, nələr qaldı ürəyimdə, xəyallarımda. Həyatı anlamaq bir ömrə sığacaq qədər asan olsaydı, o həyat olmazdı. Həyat bizim bildiyimizdən, anladığımızdan çox mürəkkəbdir. Bəzən ağlına gəlməyən başına gəlir, bəzən başına gələni ağlın kəsdirə bilmir. Adi bir həyat həqiqətini dərk etməkdə çarəsiz qalırsan. Sadəcə, geriyə baxanda düşünürəm ki, məsələn, gərək filan işi belə görəydim, filan məqamı belə yaşayaydım və s. Sonra da deyirəm, yox e, nəyi necə yaşamışam, orda və onda özüm olmuşam. Heç vaxt özümə, öz prinsiplərimə xəyanət etməmişəm. Həyatı anlamağa çaba göstərmək əvəzinə, həyatı yaşamaq lazımdır, “kaş ki”lərsiz, “bəlkə”lərsiz. Ən əsası da, buna müəyyən vaxt və təcrübə lazımdır, hansı ki, adına həyat təcrübəsi deyilir.

- Yenə də Prust yazırdı ki, bir ağrı sonuna qədər yaşanmadıqca dinmir. Bir ağrının üstündən səssizcə adlamaq, onu görməzdən gəlməklə sakitləşmək mümkündürmü?

- Bu, yəqin ki, hamıda eyni cür olmur. Hər kəsin özünün yanaşma tərzi var, ağrıya dözümü, yaxud dözümsüzlüyü var. Bir də ağrını yaşayan kimdir. Ağrıları yaşadıqca insanın sanki immuniteti güclənir, canı bərkiyir. Baxırsan ki, bu gün çəkdiyim ağrını beş-on il öncə çəkəsi olsaydım, başqa cür olardı. Daha emosional, daha dözümsüz olardım. Amma bu gün, hətta əsla üzə vurmadan yaşayırsan, hər gün səninlə eyni çatı altında olan doğmaların, üzünə baxan kimi sənə nəsə olduğunu anlayan anan belə duymur. İçindəki ağrı səni dara çəkdikcə, daha çox gülürsən, bəzənirsən, əylənirsən ki, heç kəs içindəki səsi eşitməsin. Hətta ağrı sənə doğmalaşır, onunla barışırsan, hətta “nə yaxşı ki belə oldu” deyəcək qədər qəddarmı, nə bilim, müdrikmi olursan. Ağrının və qorxunun üstünə getmədikcə, o səni üzər, incidər. Həyat prinsiplərimdən biri də budur. Ağrıların, qorxuların üstünə getmək.

- Sizcə, dünyanı cənginə alan pandemiya insanlara nəyin önəmini xatırlatdı: yardımlaşmağın (humanizm), yoxsa elmin?

- Çox şeyin. İnsanlar bir-birini özlədi, darıxdı bir-biri üçün, insanlar dərk etdi ki, həyatda insan nəfəsini əvəz edəcək heç nə yoxdur. Göz-gözə, nəfəs-nəfəsə olmağın yerini heç nə vermir. İnsan anladı ki, təkbaşına heç kimdir. Həm də, təbii ki, əl tutmaq, yardım etmək... Anladı ki, bunun üçün heç də milyonçu olmağa gərək yoxdur. Əlində-ovunca olandan da yardım etmək olar. Məncə, insanlar bunları anladı.

- Son zamanlar insanlara və ya həyata dair sizi ən çox nə qayğılandırır?

- Son zamanlar düşündüklərim hər zaman düşündüklərimin daha dərin şəklidir. İnsan ömrü çox qısadır, arzularına yetmir, sevməyə, sevgisini paylaşmağa yetmir. Axı necə olur, insanlar bir-birinə kin, nifrət bəsləyir, pislik, paxıllıq və s. edir? Yəni o qədərmi çox yaşayacaqlar ki, sonra bu iyrənc hiss və əməllərini təmizə çıxara biləcəklər? Yəni ölməyəcəklərinəmi əmindirlər? Sevmək varkən, qayğı, mərhəmət, yaxşılıq varkən necə bunları görməzdən gəlmək olar, anlamıram...

Mənsur Rəğbətoğlu


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər