İyunun 21-dən iyulun 5-dək ölkə ərazisində ciddi karantin rejiminin tətbiq olunması qərara alınıb. Bakı, Abşeron, Sumqayıt, Gəncə, Cəlilabad, Masallı, Yevlax şəhərlərində ciddi karantin rejimi tətbiq olunacaq. Bu həftənin cümə və şənbə günləri ciddi karantin rejimi tətbiq edilməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:
O bildirib ki, SMS icazə sistemi yenidən bərpa olunacaq: "Ticarət Mərkəzlərinin fəaliyyəti, ictimai iaşə müəssisələrində müştərilərə yenidən xidmətlər dayandırılacaq. Eyni zamanda bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti məhdudlaşdırılacaq. Həmçinin açıq havada idman oyunları dayandırılır".
Leyla Abdullayeva əlavə edib ki, idman zallarının fəaliyyətinin bərpası, teatrların, dini ritual mərasimləri, qapalı məkanlarda yas xidmətlərinin təşkili ilə bağlı qadağalar qüvvədədir: "Eyni zamanda 65 yaşdan yuxarı yaşlı şəxslərdən zəruri olmadığı halda evdən çıxmamağı tövsiyə edirik".