Azərbaycanın xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarında fəaliyyətinə icazə verilməyən iş və xidmət sahələri məlum olub.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 2-də qərar verib.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək həmçinin aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir:
● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;
● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
● muzey və sərgi zallarının fəaliyyəti;
● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
● təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);
● açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.
Qeyd edək ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.