Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə Pakistanda Qurban bayramı münasibətilə keçirilmiş silsilə tədbirlər Pakistan elektron mediasında geniş işıqlandırılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, silsilə tədbirlər oktyabrın 6-7-də Pakistanın Xayber Paxtunxva əyalətinin qaçqınların məskunlaşdığı Lakki Marvat və Dera İsmail Xan bölgələrində, həmçinin sel daşqınlarından zərər çəkmiş Pəncab əyalətinin Okara, Multan, Ravalpindi və İslamabada şəhərlərində keçirilib. Belə ki, Pakistanın “Jhang”, “The News”, “Express Preshawar” qəzetləri, “Diplomatik Star”, “Centreline” jurnalları, “DNA news”, “Pakistan in the World” informasiya agentlikləri tərəfindən tədbir haqqında məqalələr dərc edilib.
Məqalələrdə bildirilib ki, bölgələrdə təşkil olunmuş mərasimlərdə Pakistanın tanınmış siyasətçisi, Pakistanın sabiq neft naziri və sabiq ticarət naziri, senator Səlim Seyfulla Xan, Pakistan parlamentinin sabiq sədr müavini, Pakistan-Azərbaycan dostluq qrupunun üzvü Feysəl Kərim Kundi, “Beyt-ül-Mal” təşkilatının icraçı direktoru Vahid Şeyx və administrasiyanın rəhbəri Cahangir Axtar, digər tanınmış şəxslər çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya hər bir müsəlman üçün xüsusi önəm kəsb edən bayram günündə çətin maddi və mənəvi durumda olan məcburi köçkünlərin dərdinə şərik olmasına görə minnətdarlığını bildiriblər.
Məqalələrdə Ravalpindi şəhərində təşkil olunmuş mərasimdə Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Daşqın Şikarovun tədbir iştirakçıları qarşısında çıxış edərək onları bayram münasibəti ilə təbrik etdiyi qeyd olunub.
Səxavət