17 Oktyabr 2014 15:18
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada Avropa Şurasının Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransı tərəfindən Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü ilə əlaqədar seminar keçirilib.

Teleqraf.com-un məlumatına görə, Avropa ölkələrinin ayrı-ayrı hökumət qurumlarının, parlamentarilərin, beynəlxalq və yerli QHT-lərin iştirakı ilə keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizin AŞ Nazirlər Komitəsinə sədrliyi adından çıxış edib.

Səlim Müslümov son illərin iqtisadi və maliyyə böhranı şəraitində sosial hüquqlar sisteminin təmin edilməsinin Avropa məkanında xeyli aktuallaşdığını, həyata keçirilən iqtisadi strategiyalarda sosial birliyin vacib elementlərinin diqqətdə saxlanılmasının daha çox önəm kəsb etdiyini vurğulayıb. Nazir böhranın təsirlərindən qorunmaq üçün iqtisadi baxımdan zəruri sayılaraq aparılan iqtisadi islahatların bir sıra hallarda ölkələrdə sosial rifah meyarlarına zidd olduğunu, nəticədə işsizlik, yoxsulluq və sosial təcrid kimi problemlərin kəskinləşməsinə, əhali təbəqələri arasında yoxsullaşma meyllərinə şərait yaratdığını qeyd edib. O, bildirib ki, böhrandan xilas yolu kimi aparılan hər bir islahat iqtisadi baxımdan zəruri sayıldığı kimi, sosial hüquqların təmin olunması baxımından da məqbul olmalı və yoxsullaşma meyllərinin artmasına şərait yaratmamalıdır.

AŞ Nazirlər Komitəsi üçün sosial hüquqların qorunması və təşviqinin sosial məsələlərin həllində əsas elementlərdən biri olduğunu qeyd edən Səlim Müslümov bildirib ki, AŞ-nın bu sahədə fəaliyyəti kollektiv şikayətlər sistemini nəzərdə tutan Dəyişdirilmiş Avropa Sosial Xartiyası və Protokolunun icrasına, o cümlədən Avropa Sosial Təminat Məcəlləsi və onun Protokoluna əsaslanır:

“Bu hüquqi sənədlər üzv dövlətlərdə sosial hüquqların müdafiəsi sahəsində çatışmazlıqların müəyyən edilməsi və aradan qaldırılması üçün mühüm alətlərdəndir. Ona görə də Nazirlər Komitəsi həmin sənədləri hələ da ratifikasiya etməmiş üzv dövlətləri bunu etməyə dəvət edir”.

Nazir diqqətə çatdırıb ki, cari ilin 17-18 oktyabr tarixlərində Turində keçiriləcək Avropa Sosial Xartiyası üzrə yüksək səviyyəli konfrans Xartiyanın böhran və böhrandan çıxış dövründə Avropada tətbiqi məsələlərinin müzakirəsinə xidmət edir. AŞ-nın hüquqlar sisteminin və bu Xartiyanın birgə tətbiqi iqtisadi çətinliklər dövründə üzv ölkələrdə sosial hüquqların təmin olunmasına və böhranın aradan qaldırılmasına töhfə ola bilər. Konfransın nəticələri də AŞ sosial sahədə gələcək fəaliyyətinə stimul verməlidir:

“Bu seminarda da Avropada hüquq sistemlərinin inkişafı və Avropada yaşayan bütün insanların iqtisadi və sosial hüquqlarının təmin olunması üçün üzv dövlətlər qarşında duran vəzifələr müzakirə olunacaq. Yoxsulluğun azaldılması sahəsində ümumi məqsədlər müəyyən olunmalı və vasitələr tapılmalıdır”. S.Müslümov seminarda müzakirələrin əsasən Avropa Sosial Xartiyasının yoxsulluq və sosial təcridolunmadan müdafiə hüququnu təmin edən 30-cu maddəsinə yönələcəyini qeyd edib. O, bildirib ki, bu maddə yoxsulluq və insan ləyaqətini alçaldan sosial təcridolunma vəziyyəti ilə bağlı üzv dövlətlərin vahid yanaşmasını ifadə edir və belə hallardan müdafiə üçün ilk məcburi insan hüquqları təminatını nəzərdə tutur. Həmin maddədə yoxsulluq və sosial təcridolunma ilə mübarizədə "hərtərəfli və koordinasiyalı yanaşma"nın qəbul edilməsi tələb olunur. Bu isə məşğulluq, mənzil, təhsil, sosial və tibbi yardımla bağlı kəmiyyət və keyfiyyət tədbirlərini nəzərdə tutur.

S.Müslümov Nazirlər Komitəsinin Azərbaycan sədrliyi adından seminar iştirakçılarına işlərində uğurlar arzulayıb, bu tədbirdə aparılacaq müzakirələrin bütün üzv dövlətlərdə sosial rifah məsələlərinin həlli üçün faydalı olacağına əminliyini bildirib.

Naibə


Müəllif:

Oxşar xəbərlər