16 Mart 2021 16:48
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “COVID-19 PZR analizi nəticəsinin onlayn qaydada əldə edilməsi” adlı yeni elektron xidmət istifadəyə verilib. Sözügedən xidmətdən beynəlxalq səfərlər üçün COVID-19 PZR analizi verən şəxslər istifadə edə bilərlər.

Bu barədə Teleqraf.com-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, elektron xidmətin yaradılmasında məqsəd həmin şəxslərin vaxtına qənaət etmək və rahatlığını təmin etməkdir. Beynəlxalq səfər üçün COVID-19 analizi verən şəxs xidmətdən yararlanmaq məqsədilə https://travel.its.gov.az/ saytına daxil olmalıdır. Açılan pəncərədə “Doğum tarixi” xanasını doldurmalıdır. Şəxs doğum tarixini qeyd etdikdən sonra “Parametr” xanasından FİN və ya Protokol üzrə seçim etməlidir. FİN parametrini seçdikə “FİN” xanası aktivləşir və şəxs bu xanaya şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməlidir. Şəxsiyyət vəsiqəsi olmadığı halda isə (əsasən əcnəbilərin və şəxsiyyət vəsiqəsi olmayan uşaqların) Protokol parametri seçilməlidir. Bu zaman “PROTOKOL” xanası aktivləşir və şəxs bu xanaya Protokol nömrəsini daxil etməlidir. Protokol nömrəsi analiz verən şəxsin mobil nömrəsinə nəticə hazır olduqdan sonra göndərilən koddur.

Ən sonda “Axtar” düyməsi sıxılmalıdır. Bu zaman beynəlxalq səfər üçün verilən analizin nəticəsi ekranda PDF formatda əks olunur və faylı yükləmək də mümkün olur. Qeyd edək ki, sənədin doğruluğunun sənəddə əks olunan “QR Code” vasitəsi ilə yoxlanılması mümkündür. Beynəlxalq səfərlər üçün verilən COVID-19 PZR analizi nəticəsinin onlayn qaydada əldə edilməsinə dair təlimatla buradan tanış olmaq olar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər