5 May 2014 16:08
1 977
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əli Nağıyev yalan danışır. Elə onun kimi adamlar suyu bulandırdılar. Mənimlə bağlı Heydər Əliyevə yalan məlumat verdilər ki, guya mən onun Bakıya gəlişini istəməmişəm və s. Belələrinə görə də, Heydər Əliyev vəzifəyə gəldikdən sonra mənə vəzifə vermədi".

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Ali Sovetinin keçmiş sədri Yaqub Məmmədov “91-lər”dən olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd etdi.

Qeyd edək ki, Ə.Nağıyev "moderator.az" saytına müsahibəsində bildirib ki, mərhum prezident Heydər Əliyevi Bakıya dəvət etmək üçün iki dəfə Yaqub Məmmədovla görüşüb: "Sonralar Abşeronun polis rəisi olmuş Cahangir Hüseynov Yaqub Məmmədovla Tibb Universitetindəki kafedrasında görüşü təşkil etmişdi. Birinci dəfə mənə “teoriya” danışmağa başladı. Dedi ki, Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəb məsələdir və Heydər Əliyev gəlib bunu necə həll edəcək? Mən də ona etiraz etdim ki, ay kişi, sən Ali Sovetin sədri olmusan və akademiksən, Heydər Əliyevin də sənin bu mərtəbəyə çatmağında xidmətləri olub. Yəni istəyirdim Yaqub Məmmədov da getsin desin ki, a kişi, keçmişdə nə olub, olub, bu gün sənsən və biz də səni dəstəkləyirik. İkinci görüşümüzdə isə mənə dedi ki, burdan getsəm, görərlər, mən “çerez” Türkiyə gedəcəyəm. Mən getdim onun bu sözünü Heydər Əliyevə dedim. Heydər Əliyev də dedi ki, eybi yox, Türkiyədən gəlsin. Ancaq Yaqub Məmmədov getmədi. Bilirsiniz, tarix düz yazılmalıdır və hər kəsin etdikləri və etmədikləri orda qeyd edilməlidir. Bu gün mən də sağam, Cəlal Əliyev, Yaqub Məmmədov və Ağabəy də sağdır. Qoy durub mənə desinlər ki, filan şeyi düz demirsən. Sizinlə keçən dəfəki müsahiubədən sonra bir nadan dınqıldanmışdı, ancaq mən o nadana cavab verməyi özümdən çox aşağı hesab edirəm".

Y.Məmmədovun yuxarıda qeyd olunanlara münasibəti belə olub: "Əli Nağıyev yalan danışır. Heydər Əliyevin Bakıya dəvət olunması üçün Ali Sovetin çağırılması, Yeni Azərbaycan Partiyasının yaradılması və s. məsələlərlə mən də məşğul olmuşam. Mən heç vaxt Naxçıvana getməkdən imtina etməmişəm. AMEA-nın keçmiş prezidenti Fərəməz Maqsudov bizə gəldi, söhbət əsnasında bildirdi ki, sənin Naxçıvana getməyinə ehtiyac yoxdur. Dedi ki, Heydər Əliyev özü Bakıdakı vəziyyəti yaxşı bilir, Naxçıvanda özləri işləyirlər, biz burada çalışmalıyıq. Yəni mənim Naxçıvana getməməyimin əsas səbəbi Fərəməz Maqsudov oldu. Heydər Əliyevlə mənim özümün də danışıqlarım oldu. İyulun 9-da Heydər Əliyevlə görüşmüşəm. Yəni onun Azərbaycana dəvət olunması prosesində mənim də rolum olub. Bunu danmıram".

Y.Məmmədov onu da əlavə etdi ki, Ə.Nağıyevlə vəzifədən gedəndən sonra tanış olub: "Əli Nağıyev, Murtuz Ələsgərovu Ali Sovetin qarşısındakı aksiyadan sonra qəbul etdim. Mənim yanıma Əli Nağıyevi Səbail rayonunun birinci katibi olmuş Xəlil Xəlilov gətirmişdi. Mən vəzifədən gedəndən sonra Əli Nağıyevlə yaxşı münasibətlərim olub. Amma o, vəzifəyə təyin ediləndən sonra dəyişdi. Mən Ali Sovetdəki məlum sessiya ilə bağlı Abşeronun polis rəisi olmuş Cahangir Hüseynov, Arif Rəhmzadə, Qüdrət Paşayevlə görüşüb danışmışam. İndi Əli Nağıyev niye belə danışır, bilmirəm. Elə onun kimi adamlar suyu bulandırdılar. Mənimlə bağlı Heydər Əliyevə yalan məlumat verdilər ki, guya mən onun Bakıya gəlişini istəməmişəm və s. Belələrinə görə də, Heydər Əliyev vəzifəyə gəldikdən sonra mənə vəzifə vermədi".

Ruslan


Müəllif: Ruslan Xəlil