Pandemiya səbəbilə bir ildən artıqdır ölkədə kütləvi məclislərin keçirilməsi qadağan edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi yeni qaydalara əsasən, 1 iyuldan toy-nişan şənliklərinin təşkilinə icazə verilir. Maraqlıdır, bəs yas mərasimləri necə?
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat katibi Rəhimə Dadaşova Teleqraf.com-a bildirib ki, hələlik müvafiq rəsmi qərar yoxdur: "Hazırkı şəraitdə QMİ Operativ Qərargahın qərarlarına əsasən işini təşkil edir. Bununla bağlı yeni qərar daxil olmayıb. Biz məscidlərin açılması üçün Qərargaha təklif vermişdik, lakin yas mərasimləri ilə bağlı xüsusi təklif təqdim olunmayıb".
QMİ-nin mütəxəssisi Bəxtiyar Nəcəfov hesab edir ki, toy məclislərinə icazə verildiyi kimi, yas mərasimləri də təşkil olunmalıdır: "Operativ Qərargah pandemiya şəraitinə əvvəlki qaydada əməl olunmasını tövsiyə edir. Qafqaz Müsəlmanları İdarəsinə yas mərasimlərinin kütləvi keçirilməsi üçün məlumat daxil olmayıb.
QMİ dini ayinlərin icrası üçün Operativ Qərargaha təklif verib. Bu barədə müzakirə aparıldı və hələ ki məscidlərin açılması mümkün hesab edildi. Lakin yas mərasimləri bu plana salınmayıb. Bu gün toy mərasimlərinə müəyyən sayla icazə verilibsə, hesab edirəm ki, yas məclisləri üçün də bu qaydalar tərtib edilməlidir".
Millət vəkili Fazil Mustafanın fikrincə, yas mərasimləri də müəyyən qaydalarla tərtib oluna bilər: "Yas mərasimlərinin təşkili barədə də qərar qəbul edilməlidir. Eyniylə toylarda olduğu kimi, yaslarda da sayın tənzimlənməsi şərtilə mərasimlər keçirilə bilər. Bu məsələyə dərhal münasibət bildirilməlidir. Çünki toydan çox yas mərasimi aktualdır, insanların vəfatı plan əsasında baş vermir. Burada yoluxma riskinin qarşısını almaq üçün dəqiq qaydalar müəyyən edilməlidir".