7 Noyabr 2014 11:41
39 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müəllim sinfə köhnə biliklə girə bilməz"

Bir zamanlar pedaqoji profili olmayanlar Müəllimlərin Təkmilləşdirmə İnstitutunda bir illik kurs keçməklə müəllim ixtisasına yiyələnirdilər. Zootexnik biologiya müəllimi, mühəndis fizika-riyaziyyat müəllimi olurdu. Hətta bir il kurs keçməklə texniki təmayüllü ixtisas sahibinin humanitar sahə üzrə müəllim olması da mümkün idi. İbtidai sinif müəllimliyinə isə kütləvi bir axın vardı.

2000-ci ildən sonra bu tendensiyanın qarşısı tədricən alınmağa başlandı. 1929-cu ildən pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması, 1972-ci ildən isə Müəllimlərin Təkmilləşdirmə İnstitutu kimi fəaliyyətə göstərən ali məktəb müəssisəsinin adı 2000-ci ildə dəyişdirilib Azərbaycan Müəllimlər İnstitutu oldu. Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında yaradılan AMİ-də müəllimlərə əlavə təhsilin verilməsi hansı səviyyədədir? İxtisasartırma təhsili bizə nə üçün lazımdır? İxtisasartırma təliminin təşkili necədir?

İxtisasartırma, təkmilləşmə, yenidənhazırlanma...

Bu məqsədlə AMİ-də olduq. İnstitutun Əlavə təhsil üzrə prorektoru Rahim Əzizovla görüşdük. R.Əzizov bildirdi ki, hazırda AMİ məktəbəqədər tərbiyə müəssisələri və məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə ali, orta ixtisas və orta ümumtəhsil məktəb müəllimlərinin ixtisaslarının artırılması, təkmilləşdirilməsi, stajkeçməsi və yenidən hazırlanması funksiyasını icra edən ən böyük ali məktəbdir: "Bundan başqa, əlavə təhsilin istiqamətlərinə həmçinin təkrar ali təhsil, təkrar orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili də daxildir. Bütün bunlar Nazirlər Kabinetinin "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası" ilə müəyyən edilir. Bizim ali məktəb əlavə təhsilin bütün isitiqamətləri ilə məşğuldur. Amma elə istiqamətlər var ki, onun hüquqi-normativ sənədləri yeni qaydada təsdiq olunmayıb".

Prorektor dedi ki, zamanın tələbinə uyğun olaraq təhsildə yaranan yeniliklər ixtisasartırmaya ehtiyacın artmasını da zəruri edib: "Müəyyən edilmiş qaydalara görə, pedaqoji sahədə istər rəhbər olsun, istər müəllim ixtisasartırması 5 ildən bir müəyyənləşir. Amma müəllim istəsə 3 ildən bir, hər il gəlib iştirak edə bilər. Müəllimlərin ixtisasartırması hazırda 24 günlükdür. Təkmilləşdirilmə isə 3 mərhələli olur. Bir həftə keçilir. Təhsil şöbələrinin yaratdığı dayaq məntəqələrinin nümayəndələri bizdə təlim kursları keçirlər və öyrəndiklərini yerlərdəki müəllimlərə çatdırırlar. Ona görə belə müəllimlər "öyrədənlərin öyrədəni" adlanır.

Yenidənhazırlanma təhsili isə uyğun profil üzrə ixtisasdəyişmədir. Tutaq ki, orta məktəblərdə rus dilinin saatları az olduğuna görə rus dili müəllimi uyğun ixtisas almaq istəyir, məsələn, ibtidai sinif, Azərbaycan dili-ədəbiyyat müəllimliyi üzrə təhsil ala bilər. İxtisasartırma, yenidənhazırlanma və sair isə yaşlıların təhsili konsepsiyasına daxildir. Azərbaycan 1999-cu ildən Hamburq konfransında bu konsepsiyaya qoşulub".

Əməkhaqqı əlavə təhsilə görə müəyyənləşəcək?

Prorektorun sözlərinə görə, AMİ ixtrisasartırma təhsilinin ənənəvi qaydalardan çıxıb müasir proqramlarla işləməsi üçün təkliflər hazırlayıb: "Bu barədə Azərbaycan hökumətinin qərarında da göstərilib. Yəni ixtisasartırmanın modullar üzrə aparılması nəzərdə tutulur. Modul hazırlığı ilə bağlı 3 istiqamətdə 400 proqram hazırlamışıq. Birinci modul ümumi məzun, ikinci peşə-ixtisasları məsələsi, üçüncü isə innovasiyaların tətbiqidir. Hər modulda 30 saat dərs keçiləcək. Müəllimlərin də modullar üzrə öz istəklərinə uyğun proqram seçimi olacaq. Yəni müəllim öz ehtiyacına uyğun ixtisasartırma təlimi almalıdır. Hesab edirəm ki, gələcəkdə müəllimlərin əməyinin stimullaşmasında modulluluq sistemi nəzərə alınacaq. Müəllim var ki, birinci modul üzrə sertifikat ala biləcək, digər modula keçəcək, müəllim var ki, heç birinci üzrə də sertifikat ala bilməyəcək".

Sınaq imtahanından keçməyənlər...

Prorektor onu da dedi ki, Bakı şəhərində imtahandan uğurla keçməyən müəllimlərin ixtisasartırmaya ciddi ehtiyacı var: "Sınaq qiymətləndirməsində 30 min müəllim iştirak etdi, nəticə göstərdi ki, onların yarısının əlavə təhsilə ehtiyacı var".

R.Əzizov bildirdi ki, respublika üzrə 150 min müəllim var ki, onların hamısı ixtisasartırma kurslarında iştirak edə bilmir: "Beş ildən bir 30 min müəllim əlavə təhsillə təmin olunmalıdır. Azərbaycanda əlavə təhsil üzrə ən böyük ali məktəb olsaq da, bizim müəllim hazırlığı imkanımız ildə dörd mindir. Ona görə də 24 ali təhsil müəssisəsi əlavə təhsillə məşğuldur ki, bu tələbatı ödəyə bilsin".

Sonra R.Əzizov bizi müxtəlif rayon təhsil şöbələrindən göndərilən 25-dək rəhbər kadrlar - məktəb direktorları və direktor müavinləri ilə aparılan dərs prosesi ilə tanış etdi.

"Menecerlərə ehtiyac var"

Prorektor dedi ki, AMİ-yə hər il təhsil meneceri hazırlığı üzrə gələnlər də var: "Hazırda 13 məktəbi idarə edən menecer hazırlayırıq. Yeni tədris-tematik planı hazırlamışıq ki, müəllimlər maariflənə də bilsinlər. Çünki ixtisasartırma ilə bağlı maariflənmə çox zəifdir. Ölkədə 4522 məktəb var, bu elə 4522 məktəb direktoru deməkdir, hələ digər rəhbər vəzifələri demirəm. Ona görə də rəhbər kadrların da idarəetmə yeniliklərini öyrənməsinə çox ehtiyac var".

İxtisasartırma - vaxt itkisi, yoxsa qazanc?

İxtisasartırma təhsili sizə nə verir? İxtisasartırmada iştirak edən bəzi müəllimlər şikayətlənir ki, vaxt itirdi, amma heç nə öyrənmədi. Siz necə düşünürsüz?

Beyləqən rayonu Əhmədli kənd orta məktəbinin tədris işləri üzrə direktor müavini Əzət Ağayeva dedi ki, təhsildə yeniliklərlə bağlı məlumatların əldə olunması üçün yerlərdə çətinliklər olur: "Bu baxımdan, ixtisasartırma təhsili məni qane edən bilik verir. 24 gün ərzində vaxtım itir, əksinə, bilik qazanıram.

Həmkarlarım da danmaz ki, bu təhsil bizim məlumat "aclığımız"ı təmin edir"

Tərtər rayonu Ələsgərli kənd orta məktəbinin direktor müavini Şahin Əsədov isə dedi ki, AMİ-yə gəlişinin səbəbi təhsildəki yenilikləri öyrənməkdir: "Bu təlimlər mənim üçün çox faydalıdır. Bizi burada nüfuzlu, təcrübəli müəllimlər hərtərəfli məlumatlandırır. Bizim kənd cəbhə bölgəsi olmasına baxmayaraq, müəllimlər də, uşaqlar da dərsə gəlməkdən çəkinmir. 6 məzunumuz yüksək balla ali məktəbə qəbul olunub. Çünki müəllimlərimiz əlavə təhsilə intizamla yanaşır".

Məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə keçirilən dərs prosesində də olduq.
Qeyd edək ki, Azərbaycanda 1700-ə qədər məktəbəqədər təhsil müəssisələri var ki, bu da ümumi əhali sayına görə azlıq təşkil edir. Prorektor dedi ki, 2016-cı ilin sonunadək Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin dörd minə qədər artırılacağı gözlənilir: "Ona görə də bu sahə üzrə ixtisaslı kadrlara böyük ehtiyac var".

Kürdəmir rayonu 7 saylı körpələr evi uşaq bağçasının müdirəsi Aynurə Yusifova dedi ki, rayonun kəndlərində uşaq bağçalarının sayı olduqca azdır: "Rayonun özündə 11 məktəbəqədər təhsil müəssisəsi var, amma kəndlərdə, demək olar ki, yoxdur. Bir də tam ixtisaslı müəllimlərə də ciddi ehtiyac duyuruq".

Qusar rayonundan gələn Milyanə Qasımova isə dedi ki, 2009-cu ildə AMİ-də tərbiyəçi kimi əlavə təhsil alıb və interaktiv təlim metodları haqqında öyrəndiyi bilikləri işlədiyi uşaq bağçasına tətbiq edib: "Buna görə də məni az müddətə bağça müdiri təyin ediblər".

AMİ ilə müqavilə bağlansın!

Bağça müdirlərinə tədris prosesini icra edən əməkdar müəllim Zülfiyyə Vəliyeva isə daha bir problemə toxundu. Dedi ki, məktəbəqədər təhsil müəssisələrinin az olması, digər bir tərəfdən alternativ qeyri-dövlət qurumlarının fəaliyyətinə rəvac verib: "Bu qurumların fəaliyyəti bağçayaşlı uşaqları olan valideynlərə dəstək versə də, həmin müəssisələrdə qeyri-ixtisas sahiblərinin çoxluğu problemlər yaradır. Çox yaxşı olardı ki, həmin qeyri-hökumət təşkilatları da bizim institutla müqavilə bağlasın. Təsadüfi adamların məktəbəqədər uşaqların təlim-tərbiyəsi ilə məşğul olmasındansa, ixtisaslı kadrların məşğul olması təhsilimizə daha çox xeyir gətirərdi".

İxtisasartırma və yenidənhazırlanma fakültəsinin dekanı dosent Əsabəli Quliyev də bizimlə fikirlərini bölüşdü: "Elm dayanmır, yeniliklər yaranır. Ona görə də müəllim köhnə biliklə sinfə girə bilməz. Müəllimin əsas vəzifəsi o yenilikləri vaxtlı-vaxtında öyrənib şagirdlərə çatdırmaqdır. Son 10 ildə təhsil sahəsində xeyli yeniliklər mövcud olub. Bunların heç birini biz ali təhsil aldığımız dövrdə öyrənməmişik. Ona görə də istər-istəməz ixtisasartırma təhsilinə ehtiyac yaranır.

Noyabrın 4-də respublikanın 14 ali məktəb müəllimləri üçün ixtisasartırma təhsilini başa çatdırdıq. Ay yarım burada əlavə təhsil aldılar, ay yarım isə ayrı-ayrı qabaqcıl təhsil müəssisələrində təcrübə keçəcəklər. Onlara ayrı-ayrı yerlərdən dəvət etdiyimiz üç akademik mühazirə oxudu və bu tərkibində professorların da olduğu ali məktəb müəllimləri üçün xeyli faydalı oldu".

Müəllim tətbiq edə biləcəyini öyrənməlidir

Dekan bildirdi ki, hazırda əksər müəllim köhnə metodlardan əl çəkməyə və yeniliyə meyllidir: "Onun tərəfdarıyam ki, ixtisasartırmada iştirak edən hər bir müəllimə fərdi yanaşaq. Yəni nəzəriyyənin praktikaya tətbiq olunması mümkün deyilsə, onu öyrənməyin də faydası olmaz. İxtisasartırmanın modullar üzrə tətbiqinə qərar verilsə, bu, müəllimlərdə yüksək stimul yaranar. Hazırda stimul olaraq biz sonda sertifikat almazdan öncə müəllimləri sınaqdan keçirəcəyik. Ona görə də müəllimlər bu dəfə dərslərə daha intizamla yanaşır".

Qeyd edək ki, AMİ-də ixtisasartırma təhsili dövlət vəsaiti hesabına, yenidənhazırlanma isə ödənişli əsaslarla aparılır.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər