Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən koronavirusun geniş yayılmasına qarşı kompleks tədbirlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, rayon ərazisində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlərin intensivləşdirilməsi məqsədilə Tovuz şəhərində əsas küçə və yollarda xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri davam etdirilir. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfektorları, kommunal təsərrüfat xidmətinin xüsusi texnikaları və əməkdaşları Tovuz şəhərinin əsas küçə və prospektlərində, yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, bankomat və ödəniş terminallarında, məişət tullantılarının atıldığı ərazilərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçiriblər.
Əhali ilə maarifləndirici söhbətlər aparılaraq, onların mütləq şəkildə peyvənd olunmaları tövsiyə edilib. Bildirilib ki, geniş vaksinasiya prosesinin aparılmasında və dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.