26 Avqust 2021 20:49
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda qlobal iqlim dəyişikliyi bu il yağış yağmayan bəzi bölgələrdə minlərlə heyvanın ölümünə və əkinçilik sahələrinin qurumasına səbəb oldu.

Teleqraf.com xəbər verir ki, geniş torpaqları ilə Orta Asiyanın böyük ölkəsi olan Qazaxıstan qlobal istiləşmənin mənfi nəticələri ilə mübarizə aparır.

Ölkənin cənub və qərb bölgələrində heç vaxt olmadığı kimi quraqlıq yaşanır. Qazaxıstanın iqlimi hər 10 ildən bir orta hesabla 0,3 dərəcə istiləşir. Bu il ortalamanın üstündəki isti hava xüsusilə əkinçilik və heyvandarlığa təsir edib. Ölkənin cənub və qərb bölgələrində 178 min hektar taxıl sahəsi quruyub və təxminən 2 min heyvan tələf olub. Manqistau əyalətində otlaqlar aclıq və susuzluqdan ölən heyvanlarla doludur.

Builki quraqlıq heyvanların qida mənbələrini tükəndirib. Bölgədə yüzlərlə fermer atlarını, inəklərini və qoyunlarını itirib.

Bölgədəki iqlim dəyişikliyi ilə əlaqədar araşdırmalar aparan ətraf mühit mütəxəssisi Orınbasar Toğcanov bildirib ki, hər il Manqistauda yağıntıların miqdarı azalan qrafiklə davam edib: “Ancaq bu ilki quraqlıq onlardan daha böyük və daha təsirli oldu, çünki bu il bölgədə yağış yağmadı. Bu, qlobal iqlimin texnogen istiləşməsinin böyük bir nümunəsidir. Məsələn, yalnız bir qoyun gündə ən az 7 kiloqram ot istehlak edir. Yüzlərlə qoyun sürüsü saxlayan fermerlərimiz var. Bunun üçün bölgədə quraqlığın qarşısını almağın yeganə yolu süni yağış üsulunu tətbiq etmək olacaq. Bundan başqa çoxlu ağac əkməliyik".

Qlobal istiləşmə Xəzər dənizini də təhdid edir

Orınbasar Toğcanov qlobal istiləşmənin Xəzər dənizi üçün də təhlükə yaratdığına işarə edib: “Təxminən 130 kiçik və iri çay Xəzərə axır. Bu çayların olduğu ərazilərdə də yağıntılarda azalma var. Bu da Xəzərə axan su miqdarının azalması deməkdir”.

Orınbasar Toğcanov Qazaxıstandakı yağıntıların 90 faizinin Atlantik Okeanından gəldiyini deyib: “Son illərdə qlobal istiləşmə səbəbindən Arktik Okean və Qrenlandiyanın buzları sürətlə əriyir. Bu da Atlantik Okeanında buxarlanmanın azalmasına səbəb olur. Beləliklə, bizə gələcək yağışlar da azalır. Əgər insanlar karbohidrogenlərdən istifadəni dayandırmasa və meşə sahələrini sürətlə artırsalar, onilliklər ərzində yer üzündə həyat daha da çətinləşəcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər