"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Açıq mikrofon" aksiyası çərçivəsində Salyan rayonunun Təzəkənd kəndində bir qrup istixana sahibi ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, birlik tərəfindən Bakı və Bakıətrafı qəsəbələrdə 4, bölgələrdə sayca 10-cu, ümumilikdə isə 14-cü dəfə təşkil olunan aksiyada "Səyyar qəbul otağ"ı bu dəfə sahibkarların ixtiyarında olub.
Görüşdə 20-dək tərəvəz istehsalı ilə məşğul olan istixana sahibinin problemi dinlənilib. Çıxış edən sahibkarlar ötən il istehlak etdikləri qaz sərfiyyatının həcminə görə yaranan borclarla bağlı güzəştlərin olunmasını Birliyin baş direktorundan xahiş ediblər. Baş direktor sahibkarlara güzəştlərin olunacağını, lakin bu məsələdə sahibkarların da qarşılıqlı addım atmaqlarının vacibliyini bildirib.
Qeyd edək ki, Birliyin baş direktoru Ruslan Əliyev bundan sonra istixana sahibləri ilə Birliyin rəhbər şəxslərinin təkcə Salyan rayonunda deyil, digər regionlarda da mövsümün sonunadək hər ay ən azı bir dəfə görüş keçiriləcəyini bildirib.